AZ

“Tələbələrə ilk gündən müvafiq təlimatlar veriləcək” — Qarabağ Universiteti ilə bağlı İşçi Qrup yaradıldı

Qarabağ Universitetində təhsil alacaq tələbələrin Xankəndi şəhərinə köçürülməsi ilə bağlı müvafiq İşçi Qrup yaradılıb. Bu barədə universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva “Report”un sorğusunu cavablandırıb. 

O qeyd edib ki, hazırda tələbələrin məlumatlandırılması həyata keçirilir: 

“Tələbələrin Xankəndi şəhərinə giriş icazəsi ilə bağlı universitet tərəfindən dəstək göstəriləcək. Həmçinin universitetə yerləşmə ilə bağlı İşçi Qrupun yaratdığı votsap sosial şəbəkə platforması vasitəsilə tələbələrə, eləcə də ictimaiyyətə geniş məlumat veriləcək”. 

A.Quliyeva onu da bildirib ki, tədris öncəsi tələbələrin yerləşdirilməsi zamanı tələbə ilə birlikdə iki nəfər ailə üzvü iştirak edə bilər: “Tələbələrin Xankəndi şəhərinə gəlişi fərdi qaydada həyata keçirilir, lakin yataqxanalara yerləşdirilməsi və şəhər ilə tanışlığı prosesini İşçi Qrupu gerçəkləşdirəcək”.

Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, üksək bal toplayan xeyli sayda gənc ali təhsil almaq üçün Qarabağ Universitetini seçdi:

“Yeni tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq. Bu həm mənəvi cəhətdən arzuolunan haldır, həm də Qarabağ Universitetində tədrisin yüksək səviyyədə təşkil olunması və müasir infrastrukturun qurulmasına cəmiyyət, xüsusilə də gənclər tərəfindən inamın göstəricisidir. Qarabağ Universitetində tələbələr üçün yataqxana və digər zəruri sosial təminatlar nəzərdə tutulur. 

Düşünürəm ki, istər təhlükəsizlik, istər infrastruktur, istərsə də yaradılacaq təhsil şəraiti baxımından bütün aidiyyəti qurumlar üzərinə düşəni edib. Tələbələrə ilk gündən müvafiq təlimatlar veriləcək. Universitet rəhbərliyi də bu baxımdan tələbələri istiqamətləndirəcək”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
151
50
demokrat.az

10Mənbələr