AZ

Məhkəmə "Natura+" və "Proposil" apteklərinin müdirinin cəzasını ağırlaşdırdı

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və dərman vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən İlham Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti isə təmin olunub, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə məhkum olunmasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ona bəraət verilməsinə dair Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökm ləğv olunub. Ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, 1988-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş 169 nömrəli "Natura+" və 389 nömrəli "Proposil"  apteklərinin müdiri vəzifəsində işləyən İlham Məmmədov sözügedən apteklərdə yararlılıq müddətinin bitdiyini bildiyi, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən külli miqdarda dərman vasitələrini satmaq məqsədi ilə əldə etməklə saxlayıb. 

 

Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 9 iyun 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin dərman vasitələri qeyd edilən apteklərin xüsusi saxlanc yerində aşkar olunub.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə apteklərin müdiri Cinayət Məcəlləsinin 200-1.2.3 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətə dərman satışı və bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi.

 

Kamal Məmmədov

 

Tarix: 5 Sentyabr 2024, 08:44   
Seçilən
126
pravda.az

1Mənbələr