AZ

Ər arvadını “TikTik”dan istifadə etdiyi üçün döydü

Kürdəmir rayonunda 1984-cü il təvəllüdlü Ədalət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Gülnara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ədalət yaşadıqları evdə arvadı Gülnarın telefona “Tik-Tok” sosial şəbəkəsi yükləməsi səbəbindən mübahisə edib. O, aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı əli ilə Gülnarın boğazından tutaraq başına, sifətinə, qoluna yumruqla və bədəninin müxtəlif nahiyələrinə təpiklə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Ədalətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ədalət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülnarla 2016-cı ildə evlənərək ailə qurub və onların 3 azyaşlı uşaqları var: “Gülnar ilə münasibətlərimiz normal olub. Aramızda heç bir ədavətlərimiz olmayıb. Hadisə günü evə gəldim və Gülnarın “TikTok” sosial şəbəkəsindən istifadə etdiyini gördüm. Arvadımın bu hərəkətlərindən əsəbləşdim, onunla mübahisə etdim. Gülnar mənə cavab qaytardığına görə əlim ilə onun boğazından tutdum, əlim ilə onun bədəninin müxtəlif nahiyələrinə vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülnarın sözlərinə görə, özü istifadə etdiyi “TikTok” proqramını yükləyib: “ Ədalət saat təxminən 21 radələrində evə gəldi və mənim “TikTok”a baxdığımı görərək əsəbləşdi. Bu zəmində aramızda mübahisə oldu. Mübahisə zamanı Ədalət əli ilə boğazımdan tutaraq bədənimin müxtəlif nahiyələrinə vurdu, mənə xəsarətlər yetirdi”. 

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ədalətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətdən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
207
49
demokrat.az

10Mənbələr