AZ

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir » AzadMedia.az


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi “mygov” rəqəmsal hökumət platforması yeniləndi. Təkmilləşdirilmiş platforma indi vətəndaşlara istifadəçi dostu rəqəmsal interfeys vasitəsilə əsas dövlət xidmətlərinə, rəqəmsal sənədlərə rahat çıxışvə şəxsi məlumatların idarə edilməsi imkanı verir. Eyni zamanda vətəndaş - dövlət əlaqələrində inbizati proseslər sadələşir və əməliyyatlar zamanı kağızdan istifadə minimuma enir.

“mygov” vətəndaşlara hansı yeni xidmət və üstünlükləri təqdim edir?

Əsas həyat hadisələri

Yenilənmiş “mygov” platforması həmçinin mühüm həyat hadisələri zamanı vətəndaşların işini sürətləndirmək üçün xidmətlər dəstini təklif edir:

● Ailə qurmaq: Platforma nikah sənədlərinin rəqəmsal şəkildə təqdim edilməsini və təsdiqini asanlaşdırır. Belə ki ailə qurmağı planlayan cütlüklər zəruri tibbi müayinə sertifikatlarını yoxladıqdan sonra artıq “mygov” platforması üzərindən nikah günlərini elektron olaraq təyin edə və seçdikləri qeydiyyat orqanında nigah şəhadətnamələrini əldə edə bilərlər.

● Valideyn olmaq: Valideynlər yeni doğulmuş uşaqlarının hüquqi sənədləri və digər əlaqəli xidmətlər üçün onlayn müraciət edə bilərlər.

● Ailə üzvünün vəfatı: Platforma ailə üzvünün ölümünün qeydə alınması prosesini asanlaşdırır. Tibb işçisi lazımi məlumatları sistemə daxil etdikdən sonra ölüm haqqında şəhadətnamə avtomatik olaraq Ədliyyə Nazirliyinə ötürülür və daha sonra ailəyə təqdim eidlir. Bu sənəd həyat hadisəsinin rəsmi təsdiqi deməkdir və birdəfəlik dəfn yardımı, miras hüququ kimi bir çox məsələləri həll etmək üçün zəruridir.


Rəqəmsal məlumatlar və rəqəmsal sənədlər

“mygov” tətbiqində 40-dan çox məlumat “məlumatlarım” bölməsində yerləşdirilib. Məlumatlar həm kart şəklində, həm də daha ətraflı siyahı şəklində təqdim edilir. Kartlar vasitəsilə sənəd üzərində olan əsas məlumatları səhifəni açmadan görmək mümkündür. Kart formasında təqdim olunan sənədlər siyahısına şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, sürücülük vəsiqəsi, nikah haqqında şəhadətnamə və tələbə kartı daxildir. Vətəndaşlar “mygov”dakı rəqəmsall məlumatlarını QR kod vasitəsilə paylaşa və PDF fayl şəklində yükləyə bilərlər.
Bununla yanaşı, “mygov” vətəndaşlar üçün yeni “rəqəmsal sənəd” anlayışını gətirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul tarixli Fərmanı ilə 4 sənəd - şəxsiyyət vəsiqəsi, doğum, nikah və ölüm haqqında şəhadətnamə rəqəmsal formada təqdim olunur. Bu məlumatların “mygov” tətbiqi vasitəsilə təqdim edilməsi fiziki formada təqdim edilməsinə bərabər tutulur.


Sənəd və məlumatları bir kliklə paylaşma və gizlətmə imkanı

Vətəndaşlar “mygov” tətbiqinə daxil olaraq sənəd və məlumatlarını QR kod və sənəd nöməsi vasitəsilə paylaşa bilər. Qurum və müəssisələr təqdim olunan sənəd və məlumatların doğruluğunun yoxlanılmasını “mygov Checker” mobil tətbiqi və veb portalı vasitəsilə həyata keçirir. QR kodu “mygov Checker” mobil tətbiqi ilə skan edərək və ya QR kodun altında təqdim olunan 8 simvollu nömrəni “mygov Checker” veb portalında sorğulayaraq məlumatların doğruluğunu yoxlamaq mümkündür. “mygov Checker” tətbiqində paylaşılan məlumatların ekran görüntüsünü çıxarmaq mümkün deyil və tətbiqdə paylaşılan məlumatların ekranda göstərilmə müddəti maksimum 3 dəqiqədir. “Paylaşdığım məlumatlarım” bölməsində vətəndaş “mygov” mobil tətbiqində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola və nə zaman, hansı qurum və müəssisə ilə paylaşdığını görə bilər.

Vətəndaşyönümlü yeni funksionallıqlar

Platformanın təkmilləşdirilmiş axtarış sistemi istifadəçilərə platformadan ilk dəfə istifadə edərkən ehtiyac duyduqları məlumat və ya xidmətləri tez tapmaq imkanı verir. Bundan əlavə, yeni tətbiq edilən "Bildiriş Modulu" vətəndaşların qanunvericilik aktları, vergi məsələləri, ictimai təhlükəsizlik və sağlamlıqla bağlı mühüm hökumət dəyişiklikləri barədə məlumatlı olmasını təmin edir. “Müraciət Modulu” effektiv kommunikasiya yaradaraq vətəndaş sorğularının və şikayətlərinin hökumətə çatdırılması və geribildirimlərinin vahid platformada izlənməsini, nəticələrinin əldəedilməsini təmin edir.



Yeni rəqəmsal xidmətlər

Yenilənmiş “mygov” həm də ekoloji mühitin inkişafına dəstək verəcək xidmətlər təklif edir, yaşıl dünyaya töhfə verir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “Elektrik doldurma məntəqələri” adlı xidmətini artıq “mygov”dadır. Belə ki, vətəndaş bu xidmətə daxil olaraq EDM-lərin siyahısı ilə tanış ola bilərlər, müəyyən filterlər tətbiq edərək məntəqələr üzrə axtarış edə və seçdiyi məntəqəyə getmək üçün xəritə üzərində marşrutu görə bilərlər. Vətəndaş “mygov” tətbiqə daxil olaraq “Xidmətlər” bölməsindən “Elektrik doldurma məntəqələri” adlı xidmətə daxil olaraq bu xidməti istifadə edə bilər.
Yenilənmiş platforma, həmçinin kommunal xidmətlər üzrə abunəçi kodlarının dəyişdirilməsi kimi xidmət də təklif edir. Bununla da vətəndaşlar artıq yeni aldıqları mənzillərinin abunə kodlarını olduqları yerdən, sadəcə mobil cihazları ilə dəyişə biləcəklər və vaxta qənaət edəcəklər. Bu xidmət ilkin olaraq “Azərsu”, Azəriqazvə “Azərişıq” abunəçiləri üçün təqdim olunur.
“Pensiya kalkulyatoru” xidməti vətəndaşlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək. Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumatları təqdim edəcək.

Təqdim olunan bütün yeni funksionallıq və xidmətlər müasir, səmərəli və vətəndaş mərkəzli rəqəmsal mühitin qurulmasına hədəflənib. Əsas xidmətlərə asan çıxışı təmin etməklə, məlumatların təhlükəsizliyini artırmaqla və həyatın ən mühüm anlarında inzibati prosesləri sadələşdirməklə vətəndaşların həyat keyfiyyətinin artırılması prioritet məqsədlərdəndir.

Platforma ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün aşağıdakı veb-sayt və sosial şəbəkə hesablarını izləyin:
Instagram: https://www.instagram.com/mygov.azerbaijan/
Linkedin: https://www.linkedin.com/company/mygovaz/
Facebook: https://www.facebook.com/mygovaz
Veb-sayt: https://my.gov.az/
Tətbiqi yükləmək üçün: https://qrco.de/bf4Sog
Seçilən
126
8
azadmedia.az

10Mənbələr