“Rusiya 2022-ci ilin yazında İstanbulda əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır.
Biz onlarla danışıqlara hazırıqmı? Biz bundan heç vaxt imtina etməmişik, lakin bəzi efemer tələblər əsasında deyil, İstanbulda razılaşdırılan və faktiki paraflanan sənədlər əsasında”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda deyib.
Onun sözlərinə görə, o zaman mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri razılaşdırılıb, lakin sonra Böyük Britaniya prosesə müdaxilə edib və Ukrayna hakimiyyəti “fərqli yol tutub”.
Eyni zamanda Putin etiraf edib ki, Çin, Hindistan və ya Braziliya sülh danışıqlarında vasitəçi ola bilər. “Mən bu məsələ ilə bağlı həmkarlarımızla daimi əlaqə saxlayıram. Şübhə etmirəm ki, bu ölkələrin liderləri bu mürəkkəb prosesin bütün təfərrüatlarını başa düşməyə kömək etməyə səmimiyyətlə sadiqdirlər”, - deyə Prezident bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsindən sonra Putin Kiyevlə danışıqların nəticəsiz qaldığını bəyan edib. “Mülkilərə, mülki infrastruktura fərq qoymadan zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansı danışıqlardan danışa bilərik? Onlarla nə danışa bilərsən?” - Putin qeyd edib.