AZ

Azərbaycan İtaliya əlaqələri bütün sahələrdə dinamik inkişaf edir

Prezident İlham Əliyevin İtaliya Respublikasına işgüzar səfəri ikitərəfli münasibətlərin bütün istiqamətlərdə dinamik inkişaf etdiyini bir daha təsdiq edir. Son illərdə intensiv xarakter alan bu səfərlər Avropa İttifaqının aparıcı dövlətlərindən olan İtaliya Respublikası ilə çoxşaxəli münasibətlərin inkişafının rəsmi Bakının xarici siyasətində xüsusi yer tutduğunu göstərir.

Prezident İlham Əliyevin İtaliyaya 2020-ci ilin fevral ayında gerçəkləşən dövlət səfəri məzmun etibarilə tarixi əhəmiyyət daşımaqla, ikitərəfli əlaqələrə ciddi təkan verib. Səfər çərçivəsində imzalanmış 28 sənəd, o cümlədən “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ikitərəfli münasibətlərə yeni təkan verib.

Ölkələrimiz arasında iqtisadi əlaqələr neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə əməkdaşlıq da genişlənir. İtaliya bu gün  Azərbaycanın ən böyük ticarət tərəfdaşı, neft və qazının Avropadakı əsas alıcısıdır. Bu Avropa ölkəsinin idxal etdiyi xam neftin 18-20 faizə qədəri ölkəmizin payına düşür. İtaliya eyni zamanda  Azərbaycanın enerji resurslarının Avropa bazarlarına nəqli və Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını ilk gündən dəstəkləyən, bu prosesdə yaxından iştirak edən dövlətlərdəndir. Eyni zamanda, “Şahdəniz” yatağından çıxarılan qazın Transadriatik Qaz Kəməri (TAP) ilə nəqli layihəsinə qoşulub. 2013-cü ilin fevral ayında TAP layihəsi ilə bağlı dövlətlərarası sazişi imzalayan İtaliya kəmərin tikintisinə mane olan bəzi xarici qüvvələrə qarşı qətiyyətli mövqe nümayiş etdirib.

Avropa ölkələrinə, o cümlədən İtaliyaya hasil olunan təbii qazın həcminin ilbəil artırılması ölkəmizin dünya bazarında iri mavi yanacaq tədarükçüsü olduğunu təsdiqləyir. Ukraynadakı müharibə, Rusiya-Qərb münasibətlərinin gərginləşməsi fonunda İtaliya özünün enerji təchizatında Azərbaycanın payını artırmaq niyyətini açıq bəyan edir. Rəsmi Bakının TAP və TANAP kəmərlərinin ötürücülük imkanlarının genişləndirilməsi vacibliyi ilə təşəbbüsləri rəsmi Roma tərəfindən ciddi dəstək alır.

Rəsmi Bakı İtaliyanın Qarabağ məsələsində ədalətli və obyektiv mövqe tutmasını da hər zaman yüksək dəyərləndirib. Xüsusən də 44 günlük Vətən Müharibəsi zamanı Fransa, Niderland kimi ölkələrdən fərqli olaraq, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ərazi bütövlüyünün toxunulmazlığını bəyan edib. İtaliya mediasının Azərbaycan reallıqlarının obyektiv şəkildə Avropaya və dünyaya çatdırılmasındakı xidmətlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan-İtaliya əlaqələri Ermənistan-Fransa əlaqələrinin Avropa geosiyasi məkanəna mümkün təsirlərinin neytrallaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. 

Dünyada güclü orduya və müdafiə sənayesi məhsulları istehsalı potensialına malik İtaliya ilə hərbi əməkdaşlığın genişləndirilməsi də ölkəmizin maraq dairəsindədir. Azərbaycanın bu strateji tərəfdaş ölkə ilə genişlənən hərbi-texniki əməkdaşlığı, müdafiə nazirlikləri arasında intensivləşən əlaqədər, qarşılıqlı səfərlər Ordumuzun  modernləşdirilməsi prosesinin mühüm tərkib hissəsidir.

2024-cü il iyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin təqdim olunması ikitərəfli hərbi-texniki əməkdaşlığın yüksələn xətlə inkişafını təsdiqləyib.

Ümumiyyətlə, hər iki ölkə hazırda mühüm strateji tərəfdaşlar olaraq fəaliyyətlərini əlaqələndirir, regional və beynəlxalq məsələlərlə bağlı mövqelərini bölüşür, birgə strategiya müəyyən edirlər. Bu da təsadüfi deyil ki, Azərbaycanın azad edilmiş ərazilərində Türkiyədən sonra abadlıq quruculuq və yenidənqurma işlərinə cəlb edilən ikinci ölkə məhz İtaliyadır. 2020-ci ildə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, qeyd olunan şirkət Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa edilən yarımstansiyaların avadanlıqlarla təchizatını həyata keçirir. Eyni zamanda, İtaliyanın digər şirkətlərinin də tədricən bu prosesdə iştirakı iki ölkə arasında iqtisadi-siyasi əməkdaşlığı genişləndirir.

MTM Analitik Qrup

Seçilən
73
50
iqtisadiyyat.az

10Mənbələr