AZ

Gürcüstan Miqrasiya Xidmətinin nümayəndəsi İstintaq Təcridxanasında Əfqan Sadıqova baş çəkib

Gürcüstan Miqrasiya Xidmətinin nümayəndəsi Azel TV saytının Tbilisi İstintaq Təcridxanasında saxlanılan təsisçisi Əfqan Sadıqova baş çəkib. Bu barədə sentyabrın 5-də Əfqana baş çəkən həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Miqrasiya Xidmətinin nümayəndəsinin səfəri Əfqan Sadıqovun Gürcüstandan siyasi sığınacaq istəməsi ilə bağlı olub. Məmur vəkilin iştirakı ilə ondan müsahibə götürüb və bir ay sonra yenidən Əfqana baş çəkəcəyini bildirib.

Sadıqov sığınacaq istəməsini Azərbaycanda ona qarşı saxta ittihamlarla cinayət işi açılması ilə əsaslandırıb, deyə həyat yoldaşı bildirib.

Sadıqov İstintaq Təcridxanasında saxlanma şəraitinin pis və qidanın keyfiyyətsiz olmasından şikayət edir. Ailəsinin Sadıqov üçün yemək gətirməsinə icazə vermirlər, həbsxana mağazasında isə ərzaqlar bahadır.

Sadıqovun həyat yoldaşı bildirib ki, o, Gürcüstanda 2 qızı ilə birlikdə özünü təhlükədə hiss edir, belə ki, vaxtaşırı ona Azərbaycanda müəyyən şəxsləri tənqid etməmək tələbi ilə təhdidlər daxil olur.

* Əfqan Sadıqov ötən il dekabrın 24-də ailəsi ilə birlikdə Gürcüstana gedib. O, avqustun 3-də ailəsi ilə birlikdə İstanbula getmək istədiyi vaxt gürcü polisi tərəfindən saxlanılıb. Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi onu Azərbaycana ekstradisiya etmək məqsədilə 3 ay müddətinə həbs edib.

Məhkəmədən bildiriblər ki, mayın 10-da Azərbaycan DİN Əfqan Sadıqova qarşı Azərbaycan CM-in 182.2.2 və 182.2.4-cü maddələri ilə (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yoluilə tələb etmə, başqasının əmlakını ələ keçirmə, rüsvayedici məlumatlar yaymaqla hədələmə) ittihamlar irəli sürüb.

 

Seçilən
112
turan.az

1Mənbələr