AZ

Son günlər cinsi orqanlarını cəmiyyətə "nümayiş etdirənlər"in sayı niyə artıb? - Seksoloq AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son günlər ictimai yerlərdə qeyri-etik hərəkət edən şəxslərin sayı artıb. Qeyd etdiyimiz situasiya ilə bağlı bir neçə video yayılıb. Artıq cəmiyyətdə bununla bağlı ciddi narahatlıq formalaşıb.
Bəs görəsən, bu tendensiya nədən qaynaqlanır? Sözügedən davranış formasının yaranmasına səbəb olan amillər nələrdir?
Həkim-seksoloq, psixoloq Ləman Mustafayeva mövzu ilə bağlı Oxu.Az-a danışıb.

L.Mustafayeva qeyd edib ki, aqressiv, hiyləgər, oğru, insanlara və heyvanlara qarşı qəddar olan, cinsi və fiziki zorakılıq edən şəxslər, adətən, digər psixi sağlamlıq problemlərinə və ya idrak pozğunluqlarına meyilli olurlar:
"Məsələn, diqqət əskikliyi, hiperaktiv pozuntu, autizm, özünə zərər vermə, maddə asılılığı, depressiya və ya narahatlıq, travma sonrası stres pozuntusu, əqli gerilik, sosiopatiya və sair.
Statistikaya görə, məktəb yaşlı uşaqların təxminən 3%-də davranış pozğunluğu var. Üstəlik, oğlanlar qızlardan daha çox əziyyət çəkirlər. Uşağın qeyri-etik və ya normal olmayan davranışı valideynlər, müəllimlər və həmyaşıdları ilə gərgin münasibətlərə səbəb olur. Belə uşaqlar məktəbdə zəif oxuyur və dərsləri buraxırlar. Nəticədə müəllimlər tərəfindən çox vaxt tənbeh edilirlər. Bu tip uşaqlar davamlı olaraq başqaları ilə konfliktə girir və qəddarlıq nümayiş etdirirlər.

Yeniyetmələrin qeyri-adekvat davranışı məktəbdəki performansının azalması, psixoaktiv maddələrə və alkoqollu içkilərə aludəçilik, evdən qaçmaq, erkən cinsi əlaqə ilə xarakterizə olunur. Davranış pozuntusu olan yeniyetmələrin əksər hallarda çox sayda cinsi partnyoru olur. Onlar cinsi yolla keçən xəstəliklərin qurbanına çevrilirlər".

Ekspert bildirib ki, insanların qeyri-etik davranışlarının dəqiq səbəbi məlum deyil:
"Ancaq bioloji, genetik, ekoloji, psixoloji və sosial pozğunluq buna səbəb olan amillərdir.

Qeyri-adekvat davranışı olan insanlarda sadalayacağımız məsələlər ön plana keçir:

- Şəxsi və ailə münaqişələri;
- İşsizlik, sosial-iqtisadi həyat səviyyəsinin aşağı düşməsi;
- Səfeh və təhlükəli hərəkətlər etmək;
- Başqalarına qarşı seksual hərəkətlərin edilməsi;
- Psixi pozğunluqlar (şəxsiyyət pozğunluğu daxil olmaqla);
- Xəsarətlər, infeksiyaların yayılması;
- Narkotik və alkoqol asılılığı;
- İntihar.
Beləliklə, qeyri-adekvat davranışın nəticələri ilk baxışdan göründüyü qədər təhlükəsiz deyil. Uyğun olmayan davranış şizofreniyadan tutmuş sosiopatiyaya qədər bir çox digər psixi pozğunluqların əlaməti ola bilər. Bu əlamətlər insan həyatının demək olar ki, bütün sahələrinə mənfi təsir edir.

Ailənizdə və ya yaxınlarınızda qeyri-adekvat davranan şəxslər varsa və sosial normaları pozduqlarını hiss edirsinizsə, ixtisaslı psixoloq-seksoloq yanına gedərək kömək istəmək vacibdir. Qeyri-adekvat olan insanlar ailəsinə və cəmiyyətə çox böyük təhlükə yaradır. Bunun üçün zamanında müdaxilə etmək lazımdır".

Hüquqşünas Emil Aslanov məsələnin hüquqi tərəfləri ilə bağlı bu fikirləri səsləndirib:



"Cinayət Məcəlləsinin (CM) 153.1 maddəsinə əsasən, 16 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
CM-in 153.2. maddəsində qeyd olunur ki, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Amma qeyd etdiyim yaşdan yuxarı olan şəxslərə qarşı qeyri-etik hərəkətlər hər hansı bir cinayət məsuliyyəti yaratmır".
Məhərrəm Əliyev
Seçilən
1418
50
oxu.az

10Mənbələr