AZ

Bakı “binokl diplomatiyası”na qarşı

Avropa İttifaqının “mülki müşahidə” adı ilə regiona göndərilmiş hərbçiləri Ermənistanın təxribatlarını görməzdən gəlir; Brüsselin anti-Azərbaycan mövqeyinə Bakıdan sərt reaksiyalar və konkret tələblər

Azərbaycanla sərhəddəki vəziyyətə nəzarət etmək üçün Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının Ermənistan ərazisində olması “Bakının deyil, sırf Brüssel və İrəvanın işidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu parlamentin xarici əlaqələr komissiyasının rəhbəri, Ermənistanın baş naziri Nikol Paşinyanın “Mülki müqavilə” Partiyasının üzvü Sarqis Xandanyan keçirdiyi brifinqdə deyib. Onun iddiasına görə, “Avropa İttifaqı müşahidəçilərinin Ermənistanda olması sırf Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında müzakirə olunan məsələdir. Müşahidəçilər Ermənistan ərazisində yerləşdirilib və sərhədi Ermənistan tərəfdən izləyirlər. Müvafiq olaraq, missiya ilə bağlı yalnız bu tərəflər qərar verməlidir”.

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan bugünlərdə Praqada keçirilən “Ermənistan və Aİ” adlı tədbirdə müşahidəçi missiyasının regionda təhlükəsizlik və sabitliyin təmin edilməsində rolunu yüksək qiymətləndirib. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində mülki monitorinq missiyası 2022-ci il oktyabrın 17-dən fəaliyyət göstərir. İlkin olaraq Ermənistanın Azərbaycanla sərhədi boyunca 40 nəfər müşahidəçi yerləşdirilsə də, hazırda onların sayı 209 nəfərədək artırılıb. Belə ki, Avropa İttifaqı 2023-cü ilin dekabrında müşahidəçilərin sayının 209 nəfərədək artırılması barədə qərar qəbul edib. Azərbaycan öz ərazisində sərhədi boyunca missiyanın yerləşdirilməsinə razılıq verməyib. Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə dəfə bəyanat verərək bildirib ki, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. Ermənistan rəsmilərinin Aİ-nin müşahidəçi missiyası haqda dedikləri də bu səbəbdən rəsmi Bakının mövqeyi ilə əvvəldən üst-üstə düşmür. Monitorinq missiyası əslində Fransanın regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək fürsəti kimi də qiymətləndirilirdi. Ona görə də Azərbaycan öz ərazisinə missiyanın gəlməsinə razılıq vermədi. Bu, həmin sənəddə və Prezident İlham Əliyevin çıxışında da vurğulanıb.

Hikmət

Hikmət Hacıyev 

Son olaraq Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Amerikanın “Politico” nəşrinə müsahibəsində birmənalı olaraq bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması “Avropa İttifaqı missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsasdır”. Ümumən, sözügedən missiyaya nəinki indi, heç vaxt ehtiyac olmayıb. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılmasına start verilmiş bu təsisatın, prinsip etibarilə, təxribat törətməyə hesablandığı məlum idi. Müşahidəçilərlə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “regionda əlavə qıcıqlandırıcılar” ifadəsi yerinə düşürdü.

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası zamanı Ermənistanda avropalı müşahidəçilərin statusunu müəyyənləşdirmək və Bakı ilə razılaşmaq lazımdır”. Bunu isə Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunov deyib. “Əgər sərhədin demarkasiyası və delimitasiyasına dair ikitərəfli addımlar başlayarsa, ola bilməz ki, sərhədin bir tərəfində beynəlxalq vasitəçilər olsun, digər tərəfində isə yox. Vasitəçilik dedikdə, hər iki tərəfin razılığı nəzərdə tutulur. Avropa sərhədçilərinin hansı funksiyanı yerinə yetirəcəyi həqiqətən də bəlli deyil. Bu, Azərbaycanla ikitərəfli danışıqlarda müzakirə edilməli və razılaşdırılmalı olan məsələdir”, - Kortunov bildirib. Onun sözlərinə görə, belə bir şəraitdə avropalı müşahidəçilərin Ermənistanda uzun müddət qalması ehtimalı azdır. O qeyd edib ki, Aİ respublikanın təhlükəsizliyinə təminat verə biləcək struktur deyil. Ekspert qeyd edib ki, avropalıların ölkəni qorumaq üçün resursları və imkanları yoxdur.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqını (Aİ) Azərbaycanın daxili işlərinə uğursuz müdaxilələr həyata keçirməməyə çağırıb. “Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilələrinin uğursuz olduğunu anlamağa və bəzi Aİ dövlətlərinin daxili problemlərinə diqqət yetirməyə çağırırıq”, - o qeyd edib. Aİ rəsmilərinin AŞ PA, Avropa Parlamenti, Makron Fransası və digər Qərb təsisatlarının, faktiki olaraq anti-Azərbaycan koalisiyası yaratmış qərəzli çevrələrin yanında yer alaraq ölkəmizə qarşı çıxışlar etməsi təbii olaraq Bakının sərt reaksiyasına səbəb olub. Aİ missiyasının Ermənistanda mövcud olduğu dövrdə də bu qərəz, ermənipərəst mövqe daim hiss olunub. Üstəlik, ilk olaraq 40 nəfərlik kiçik heyətdən ibarət olan, lakin sonradan həm sayı beş dəfədən çox artırılan, müddəti də qayda ilə uzadılan Aİ missiyasının Ermənistanın təxribatlarını görməzdən gəlməsi, baş verənlərlə bağlı heç zaman obyektiv rəyini təqdim etməməsi suallar doğurur. Erməni təxribatları bugünlərdə də davam edir. Məsələn, sentyabrın 4-də Ermənistan ordusu Ordubad istiqamətində, 5- sentyabrda isə Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub. Lakin nədənsə hər iki halda Aİ-nin 209 nəfərlik heyəti “yuxuda olub”, faktları qeydə almayıb. Paralel şəkildə Aİ təmsilçilərinin Brüsseldən Azərbaycanla bağlı neqativ açıqlamalar yayması gerçək münasibəti göstərir. Belə olduğu halda, Bakının tamamilə haqqı var ki, Aİ-nin casus şəbəkəsinin Ermənistandan çıxarılmasını tələb etsin.

Diqqət edin, Aİ missiyası Ermənistanla Azərbaycan arasında pozitiv hansısa addımlara da səssiz qalır. Hansı ki, gerçəkdən sülh, stabillik tərəfdarı olsaydılar, məntiqlə Bakı ilə İrəvan arasında sərhədin delimitasiyası üzrə komissiyalar haqqında əsasnamənin razılaşdırılmasını alqışladıqlarını elan edərdilər. Budur, hətta Ermənistan hökuməti Bakı ilə razılaşdırılan əsasnaməni təsdiqləyib, amma Avropanun casus missiyası susur, çünki məmnun deyil. Ermənistan Fransa, Hindistan, ABŞ, İrandan aldığı silahları şərti sərhədlərdə yerləşdirir, ABŞ-ın Qərbi Zəngəzurda hərbi baza qurması planına razılıq verib, Aİ missiyası bu faktları da görməzdən gəlir. Qeyd edək ki, Ermənistan və Azərbaycan tərəfindən avqustun 30-da imzalanmış sərhədlərin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə yaxın vaxtlarda Ermənistan Respublikasının Konstitusiya Məhkəməsinin əsas qanununauyğunluğunun yoxlanılması üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Birgə fəaliyyətlə bağlı əsasnamənin iyulun 1-də razılaşdırılması planlaşdırılsa da, bu proses 30 avqustda yekunlaşdı. Heç şübhə yoxdur ki, əsasnamənin razılaşdırılmasının gecikməsi həm də Fransanın əsas söz sahibi olduğu Aİ missiyasının İrəvana təzyiqləri nəticəsində baş verdi. Necə olur ki, hansısa hallarda binokllarını götürüb Laçın yoluna, yaxud Kəlbəcər tərəflərə boylanan Aİ missiyası sadaladığımız digər hallarda yoxa çıxırlar? Bəlli siyasət var: Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasını istəmirlər. Faktiki olaraq bu missiya Fransa başda olmaqla, kollektiv Qərbin Cənubi Qafqazda kəşfiyyat xarakterli fəaliyyətinin bir hissəsidir. Bəs Bakı, eləcə də Rusiya bu missiyanın arzuolunmaz və regionda gərginliyi tətikləyən fəaliyyətinə son qoymasa, hadisələrin gedişi necə olacaq?

Qafar

 Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Avropa İttifaqının 209 nəfərlik müşahidəçilik missiyasının Ermənistanla Azərbaycan sərhədində yerləşdirilməsi Azərbaycanın razılığı ilə olmayıb: “Bu, o deməkdir ki, həmin missiyanın Aİ-yə göndərdiyi məlumatlar da legitim sayılmır. Çünki müşahidə iki ölkə sərhədlərini əhatə etməlidir. Hər iki ölkənin buna yanaşması ilə olmalıdır. Xüsusən Fransadan olan bu müşahidəçilər əsasən kəşfiyyat məlumatları toplayan agentlər funksiyasını yerinə yetirirlər. Azərbaycan haqlı olaraq buna etiraz edib və indiki halda, yəni ikitərəfli demarkasiya və delimitasiya işləri ilə bağlı komissiyanın işinə maneədir. Təxribat törədəcəkləri ehtimalı da Ermənistanın özündə dilə gətirilir”. Q.Çaxmaqlı əmindir ki, Aİ missiyasının sülhün əldə edilməsinə heç bir töhfəsi yoxdur: “Onların statusunu müəyyənləşdirmək mümkün deyil, onların missiyası da vasitəçilik deyil. Ermənistanla Azərbaycan arasında danışıqlar ikitərəfli formatda aparılır. Bu səbəbdən də Ermənistan onların qarşısında bölgəni tərk etmək təklifi ilə çıxış etməlidir”.

Ümumiləşdirsək, deməli, Ermənistan Bakının daha bir şərtini icra etməli olacaq. Bundan əvvəl sülhün imzalanması üçün Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddialarının əksini tapdığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk Qrupunun ləğv olunması barədə rəsmi mövqenin ortaya qoyulması tələbi var idisə, mövcud situasiya İrəvanın Aİ missiyasını da ölkə ərazisindən çıxarılması tələbini icra etməsi zəruridir. Gerçəklik bundan ibarətdir ki, Aİ missiyası gərginliyi tətikləmək üçün bölgəyə soxulub və onlar burada qaldıqca erməni revanşistlər kiriməyəcəklər. Casus şəbəkəsi ümumilikdə bölgədə təhlükəsizliyi təhdid edən, təkcə Azərbaycana qarşı deyil, Türkiyə, İran və Rusiyaya qarşı planlarda yer alır ki, bu da başqa mövzudur...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Seçilən
121
30
musavat.com

10Mənbələr