AZ

Yassin Benzya və Tresor Mossi Afrikada qələbəyə sevindilər

Azərbaycan çempionu “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair yığmasının heyətində növbəti oyuna çıxıb.

Arena.az xəbər verir ki, Əlcəzair millisi Afrika Millətlər Liqasının seçmə mərhələsinin 1-ci raundu çərçivəsində baş tutan Ekvatorial Qvineya ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutan görüş Əlcəzair yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Benzya matça ehtiyatda başlayıb və 79-cu dəqiqədə meydana daxil olub.

Əlcəzair millisi bu qələbədən sonra yer aldığı E qrupunda 3 xalla birinci sırada qərarlaşıb. Qrupda Ekvatorial Qvineya ilə yanaşı, Liberiya və Toqo yığmaları da yer alır. Əlcəzair millisi növbəti matçını setyabrın 10-da səfərdə Liberiya yığmasına qarşı keçirəcək.

Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 64 oyuna çıxıb, 19 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.

29 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında da 9 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, “Sumqayıt”ın dayaq yarımmüdafiəçisi Tresor Mossi də Burundi yığmasının heyətində növbəti matçını keçirib. 23 yaşlı futbolçunun komandası da eyni turnirdəki ilk sınağında Malavinin qonağı olub və 3:2 hesablı səfər qələbəsinə sevinib. Start heyətdə meydana çıxmış Tresor 59-cu dəqiqədə, komandası 2:1 öndə olarkən əvəzlənib.

L qrupunda yer almış Burundi hazırda 3 xalla vahid liderdir. Mossinin komandası növbəti matçını sentyabrın 9-da doğma meydanda Seneqal millisinə qarşı keçirəcək.

Tresor Mossi 2023-cü ilin avqustundan “Sumqayıt”ın uğurları üçün çalışır. Onun bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. Mossi “Sumqayıt”da 39 oyuna çıxıb, 1 assistlə yadda qalıb. 2020-ci ilin yanvar ayında Burundi yığmasında debüt etmiş Tresor, indiyə qədər millidə 5 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
arena.az

2Mənbələr