AZ

Bakıya qarşı “son patronlar” - Fransa ağlını da itirir

Rəsmi Parisin Azərbaycana getməməklə bağlı çağırışına reaksiyalar: “Əsassız və qərəzli bəyanat...”

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirirək, ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığı Parisin təkcə sifətini deyil, ağlını da itirdiyi qənaəti yaradır.

Yada salaq ki, Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir: “Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur. Bunun əksinə, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələrin Fransanın təbliğ etdiyi "insan hüquqlarına" tamamilə zidd olduğu aydındır".

Bildirilib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı: “Biz bir daha Fransa tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik”.

Aydın görünür ki, Fransa qərəzdən artıq ağlını itirib və Bakıya qarşı “son patronlar”ını atır.

Aydın

Aydın Hüseynov

Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bu barədə bildirdi ki, Fransa illərdir beynəlxalq hüququ pozmaqla, Azərbaycana qarşı düşmənçilik etməklə məşğuldur: “Azərbaycana qarşı ən müxtəlif istiqamətlərdən zərbələr vurmaq üçün illərdir cəhdlər edib və yenə edir. Lakin Azərbaycan haqlı və güclü dövlət olduğundan Fransadan olan bu cür hücumları dəf edə bilir. Fransanın Azərbaycana qarşı qərəzli hücumlarını, ölkəmizə qarşı beynəlxalq sanksiya qəbul etdirmək və digər bu kimi daha zərbələr vurmaq istiqamətində addımlar hər dəfə fiaskoya uğrayıb. Fransanın bu düşmənçilik mövqeyi dünya tərəfindən dəstəklənmir. Fransa illərdir özünü Ermənistan kimi aparır. Azərbaycana qarşı bütün kartlarını oynayıb istədiyinə nail ola bilməyən Makron hakimiyyəti o qədər cılızlığa yuvarlanıb və əlacsız qalıb ki, "Azərbaycana turist səyahətlərinə getməmək xəbərdarlığı" edir. Bu, artıq Makron Fransasının Azərbaycana qarşı “döyüşdə” işlətdiyi “son patronlarıdır” və şübhəsiz ki, bu cəhdləri də iflasa uğrayacaq. 2023-cü ilin statistikasına görə, Azərbaycana gələn xarici vətəndaşların sayında Fransa hətta ilk 20-də belə yer almır. Ona görə də Fransadan Azərbaycana səyahətlərin edilməməsi Azərbaycanın hansısa böyük gəlirlərdən məhrum olmasına gətirib çıxarmaz". 

A.Hüseynov qeyd etdi ki, Fransa Ermənistanı sülh sazişindən çəkindirən, müharibəyə istiqamətləndirən bir nömrəli dövlətdir: “Bu siyasəti ilə Makron əslində birinci növbədə elə Ermənistan dövlətinə və xalqına düşmənçilik etmiş olur. Makron öz çirkin maraqları naminə Ermənistan dövlətinin gələcəyini təhlükəyə atır. İrəvanı sülhdən yayındırmaq və müharibəyə həvəsləndirməyin başqa adı yoxdur. Uzun müddətdir ki, Fransa Ermənistana hər cür diplomatik, hərbi dəstək verir və bu addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunmamasına çalışır. Bu tendensiya BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ) və onun qurumlarında da davam etdirilir, Fransa müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı açıq şəkildə düşmənçilik edir. Bəli, bu addımlarından sonra Parisin bumeranq effekti ilə zərbələr aldığına da şahidlik edirik, həmçinin Fransanın təmsil olunduğu Avropa İttifaqının da nüfuzuna ciddi zərbələr vurulur. Fransa Cənubi Qafqaz ölkəsi olan Ermənistan üzərindən Azərbaycan və Rusiyaya, o cümlədən Türkiyəyə qarşı proksi savaşını davam etdirir, kiçik ölkələri silahlandırmaqla onları böyük dövlətlərə qarşı müharibəyə hazırlayır. Cənubi Qafqazda müharibə tərəfləri arasında sülh müqaviləsi müzakirə mərhələsində olsa da, Paris İrəvanı yeni müharibəyə hazırlamaq iddiasını ortaya qoyub. Bu ölkəni silahlandırır, hərbi müqavilələr imzalayır, öz hərbçilərini müxtəlif adlar altında Ermənistana göndərir, üstəlik, Avropanın başqa ölkələrini də öz oyununa şərik etməyə çalışır. Ermənistanın ərazilərinə heç bir iddiasının olmadığı barədə rəsmi Bakı dəfələrlə çıxış etsə də, Paris millitarist siyasətinə don geyindirmək üçün Azərbaycanın guya müharibəyə hazırlaşdığına dair yalanlar uydurur. Nəticədə, iki ölkə arasında başlanmış sülh danışıqlarının ümumi gedişinə xələl gətirir”.

Deputat onu da dedi ki, Fransa Avropa İttifaqı ölkələrinə özünün liderliyini təsdiq etmək üçün Azərbaycan kimi etibarlı tərəfdaşlara, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə qərəzli şəkildə hücumlar edir: “Fransanın və rəsmilərinin qeyri-adekvat addımları onları beynəlxalq aləmdə gülünc vəziyyətə salıb. Azərbaycanın Fransanın qərəzli addımlarına cavabı Fransanı bu gün çətin bir durumla üzləşdirib. Azərbaycan Parisi bütün dünyada müstəmləkəçi, soyqırımı törədən ölkə kimi ifşa etdi. Azərbaycan bunun davamını da gətirə bilər, əgər Fransa qərəzsiz mövqe sərgiləməsə, hücumlarını dayandırmasa Azərbaycanın Fransanı ifşa istiqamətində addımları davam edəcək.  Fransa "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlər barədə qərarlarını məqsədli şəkildə təhrif edir. Fransanın iddialarının əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərar qəbul etmiş, Azərbaycanın bütün hərbi və hüquq-mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız tələbini rədd etmişdir. Azərbaycanın haqlı tərəf olması bundan sonra da Fransanın və onun “kiçik bacısı” Ermənistanın Azərbaycana qarşı istənilən planlarının puç olması ilə nəticələnəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
67
30
musavat.com

10Mənbələr