AZ

Azərbaycan İpək Yolu Beynəlxalq Sərgisinin “Fəxri qonaq ölkə”sidir

Azərbaycan

Sian, 16 noyabr, AZƏRTAC

Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində 7-ci İpək Yolu Beynəlxalq Sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının, Kommersiya Nazirliyinin və Şansi vilayət hökumətinin birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədi tarixi İpək yolu üzərində yerləşən ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın möhkəmlənməsinə, xalqlar arasında dostluq əlaqələrinin dərinləşməsinə təkan verməkdir. İpək Yolu Beynəlxalq Sərgisi Çin hökumətinin qərarı ilə 2016-cı ildən hər il təşkil olunur. Sərginin Sianda keçirilməsi də rəmzi məna daşıyır. Çünki Sian Çində qədim İpək yolunun başlanğıcı hesab olunur.

Azərbaycanın “Fəxri qonaq ölkə” statusunda iştirak etdiyi builki sərgiyə 50-dən çox ölkə qatılıb. Açılış mərasimində çıxış edənlər, o cümlədən Çin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Can Çinvey forumun İpək yolu üzərində yerləşən ölkələrin əməkdaşlığının genişlənməsində böyük platforma olduğunu qeyd edib. Bildirilib ki, xalqların fəal inteqrasiyası üçün qarşlıqlı əməkdaşlıq dərinləşdirilməlidir.

Açılış mərasimində çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov qədim İpək yolu üzərində yerləşən Azərbaycanın tarixən ticarət, mədəniyyət körpüsü rolunu oynadığını bildirib. O, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün icrasına Azərbaycanın töhfələrindən danışıb, bu xüsusda əlverişli coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika imkanları ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda oynadığı rolu vurğulayıb. Səfir Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsü üzrə nəqliyat-logistika infrastrukturuna Çindən sonra ən çox sərmayə yatıran ikinci ölkə olduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsünün “Bir kəmər, bir yol” strategiyasının vacib hissəsi olan Orta dəhlizə böyük töhfələr verəcəyini diqqətə çatdırıb.

Sərginin ekspozisiya bölməsindəki Azərbaycan stendində ölkəmizin investisiya, nəqliyyat-logistika və turizm potensialı nümayiş olunur. Stendimizi ziyarət edənlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Ələt Azad İqtisadi Zonasında (AFEZ), İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sənaye parklarında verilən imtiyazlar, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin investorlara göstərdiyi xidmətlərə dair məlumatlar verilir. Ölkə stendində “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur, alkoqollu və alkoqolsuz içkilərin dequstasiyası keçirilir.

Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Can Çinvey, digər Çin rəsmiləri, Şansi vilayətinin rəhbər şəxsləri Azərbaycan stendini ziyarət ediblər.

Sərgi çərçivəsində müxtəlif tədbirlər, forumlar, konfranslar, o cümlədən İpək yolu iqtisadi kəməri beynəlxalq əməkdaşlıq forumu da keçirilir. Tədbirdə İpək Yolu üzərində yerləşən ölkələr arasında ticarətin inkişafı, yeni ticarət növlərinin tətbiqi məsələləri diqqət mərkəzində olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Sian

Seçilən
431
9
azertag.az

10Mənbələr