Su polosu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi ictimaiyyətə təqdim olunub.

Offsideplus.az xəbər verir ki, bununla bağlı tədbir Bakı Su İdmanı Sarayında keçirilib.

Mərasimdə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə, yeni baş məşqçi Panayotis Xronopulos, federasiya üzvləri və media nümayəndələri iştirak ediblər.

Tamerlan Abdullazadə bildirib ki, Azərbaycan Üzgüçülük Federasiyası bu idman növünün bir çox qollarını inkişaf etdirməkdədir: “Gənclər və İdman Nazirliyi ilə bir sıra layihələr həyata keçirdirik. İstəyirik ki, su polosunu ölkəmizdə inkişaf etdirək. Bunun üçün də lazımi addımlar tərəfimizdən atılır. Yeni məşqçimizə uğurlar arzulayırıq. Bu idman növündə ən xırda detallara kimi müzakirələr aparmışıq”.

Yunanıstanlı mütəxəssis Panayotis Xronopulos vurğulayıb ki, ilk dəfədir ki, ölkəsindən kənarda fəaliyyət göstərəcək: “Azərbaycanı çox bəyəndim. Bu sahədə yüksək səviyyədə işlər görmək üçün çalışacağıq. Su polosunun inkişafı üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Panayotis bu postda Azər Babayevi əvəz edib.