AZ

Qərbi Azərbaycan Mühacirət Hökuməti yaradıla bilər - Hikmət Məmmədov

Yazını böyüt
Yazını kiçilt

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücumu nəticəsində başından dəmir yumruq zərbəsi alan separatçı Ermənistan hələ də sərsəmləyir, cəfəng iddialarla ortalığı qarışdırmağa cəhdlər edir. Ermənistan rəhbərliyinin sülh müqaviləsini imzalamaması və ərazi iddiaları ilə bağlı konkret mövqe nümayiş etdirməyib vaxtı uzatması bölgədə sülhə təhlükə olaraq qalır.

Erməni separatçıları köhnə ab-havalarında iddialarından əl çəkmir, məğlub dövlət ordusunu gücləndirir, sülh gündəliyi ilə bağlı konkret addımlar atmır, Azərbaycana qarşı revanşist iddialar davam etdirirlər. Separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan və digərləri yenə Qarabağ ermənilərinə müraciət edərək işğalçı planlarından danışıblar. Qondarma rejimin tör-töküntüləri, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda fəaliyyət göstərməsi bu planın tərkib hissəsidir.  Belə bir vəziyyətdə Azərbaycan Dövləti öz torpaqlarından didərgin düşmüş azərbaycanlıların təhlükəsizliyinin təmin olunması və sülhün bərqərar edilərək öz yurdlarına qaytarılması üçün hansı addımlar atmalıdır?

Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu bu yöndə mühüm məqamlara diqqət çəkib.

- Bir il əvvəl qondarma rejimin buraxılmasına imza atan separatçı lider Şahramanyan indi Azərbaycanla söz oyununa başlayıb. Bu faktın özü hansı addımların atılmasını tələb edir?

- 44 günlük müharibədən sonra ötən 4 ildə Ermənistanın davranışlarını təhlil etsək sülhü istəmədiklərini açıq şəkildə görəcəyik. Bu müddət ərzində Ermənistanın aldığı bütün qərarlar, diplomatik mövqeləri sülhün əleyhinə olub,  regionda silahlanmaq üçün yeni şərtlər formalaşdırıb. Ona görə də Ermənistanın qısa müddətə sülhə doğru addım atması gözlənilən deyil.

Təəssüf ki, Ermənistan bölgədə gərginliyi artırmaq üçün danışıqlar prosesində yeni bir səhifə açmağa çalışır. Ermənistan, təqribən, 1 il əvvəl Azərbaycanın Qarabağ ərazisini öz istəkləri ilə könüllü tərk edən, Azərbaycan vətəndaşı olmaq istəməyən erməniləri dünyaya “zorla qovulmuşlar” kimi göstərməyə çalışır. Təbii ki, bu, avantüradır və separatçı Şahramanyanın öz imzası ilə başçılıq etdiyi dəstəsini buraxdığı faktdır. Bu gün tamamilə fərqli bəyanatlar verərək həmin ermənilərin “hüquqlarının” müdafiəsindən danışır. Bu, tamamilə yolverilməzdir. Bu bir daha təsdiq edir ki, Ermənistan hələ də sülhə hazır deyil, revanşist iddialarından əl çəkməyib. Əksinə, Qarabağda yaşamış separatçıların, mülki ermənilərin Azərbaycan Konstitusiyasına tabe olmaması hər birinin bu və ya digər formada potensial cinayətkar kimi təhlükəli olduğunun göstəricisidir. Bu, özünü fərqli istiqamətlərdə - birbaşa hərbi terror, siyasi, ekoloji, fiziki terrorla göstərə bilər.

Yalnız və yalnız 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatından sonra substantiv sülh üçün real şərtlər formalaşdı. Bir müddətdir ki, ermənilər sülhü təmin etmək üçün real addımlar atmırlar. Belə olan halda onlar vəziyyətin tam əksi olaraq  tarixi kökləri, hadisənin başvermə səbəbləri tamamilə fərqli olan iki hadisəni - Qarabağdan könüllü gedən ermənilərlə, 1987-1989-cu illərdə Qərbi Azərbaycandan deportasiya edilən, terrora, soyqırıma məruz qalan azərbaycanlıların üzləşdiyi faktları eyniləşdirməyə çalışırlar. Bütün bunlar absurddur, yolverilməzdir.

- Qərbi Azərbaycan İcması yaydığı son bəyanatla Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin Azərbaycanı təhdid edən təxribatçı açıqlamalarına, Qərbdəki havadarlarına arxalanaraq “beynəlxalq təminat altında Qarabağa qayıdış” iddialarına qarşı hansı mesajını vermis oldu?

- Şübhəsiz ki, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması istəyi tamamilə fərqli, haqlı tələbdir, beynəlxalq hüquqla icrası mümükün olan məsələdir. Bu, əsla ermənilərin sərsəm qərəzli tələbləri ilə eyniləşdirilə bilməz. Ona görə də Qərbi Azərbaycan İcması məsələni fundamental və tamamilə fərqli şəkildə qoyur. Ermənistan tərəfinin sonuncu aqressiv mövqelərindən sonra Qərbi Azərbaycan İcması bəyan etdi ki, azərbaycanlıların Ermənistan vətəndaşı olaraq Ermənistana qayıdışına imkan verilməyəcəksə, o zaman mübarizə üsulları dəyişə bilər. Yəni artıq icma təşkilatlanması institusional təşkilatlanma ilə əvəz oluna bilər. Bu da qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması üçün yeni imkanlar yaradar, yeni fəaliyyət metodları müəyyənləşdirilə bilər. İcmanın yaydığı bəyanatda “mühacirət hökuməti”nin yaradılması ilə bağlı komissiyanın formalaşdırılması tələbi bundan ibarətdir. Əgər İcma kimi hüquqlarımız tanınmırsa, bizim Ermənistan konstitusiyasını qəbul edərək sülh yolu ilə Ermənistana – tarixi torpaqlarımıza qayıtmağımız qəbul edilmirsə, o zaman mübarizənin başqa yolları da var və istifadə olunmalıdır. Təbii ki, indiki vəziyyətdə sülh yolu ilə Ermənistan Konstitusiyasının bizə verdiyi təhlükəsizlik təminatı ilə qayıtmaq istəyirik. Bu baş verməyəcəksə, Qərbi Azərbaycan İcması məcburdur ki, bunu başqa yollarla etsin və özünün qayıdışla bağlı təhlükəsizlik tədbirlərini də özü həyata keçirsin. Ermənistan bu iki variantdan birinə hazır olmalıdır.

- Özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin Ermənistanda yaradılan “repatriasiya komissiyası” nəyə xidmət edir və Azərbaycan hansı adekvat adımlar atmalıdır?

- O xalqın mühacirət hökumət yaratmaq haqqı var ki, doğrudan da öz tarixi torpaqlarından etnik təmizləmə, deportasiyaya məruz qalmış olsun və məcburi köç etsin. Ermənistan azərbaycanlıları son 100 ildə bunu dörd dəfə yaşayıb. 1905-1907,1918-20, 1948-1953, 1987-91-ci illərdə. Bu, Çar Rusiyası, Sovet Rusiyası və müstəqillik dövrlərində baş versə də, mahiyyət və nəticə etibarı ilə məzmun eynidir. Qərbi azərbaycanlılar öz tarixi torpaqlarından qovulduqları üçün məhz onların “mühacirət hökuməti” yaratmağa haqqı, hüququ var. Ermənilərin isə belə bir hüququ yoxdur. Çünki Qərbi azərbaycanlıların Ermənistan hakimiyyətindən istədiklərini, yəni Ermənistan vətəndaşı olaraq təhlükəsizlik təminatı ilə Ermənistanda yaşamaq istəyini Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərə təklif etmişdi. Amma ermənilər özləri bundan imtina elədi. Qarabağda yaşayan ermənilərin inteqrasiyası ilə bağlı Azərbaycan dövlətinin xüsusi bir layihəsi, proqramı da vardı. Bu istiqamətdə ermənilərlə Yevlaxda danışıqlar da aparıldı. Ermənilər bütün bunlardan imtina etdi. Qərbi azərbaycanlılar isə istəyirlər ki, Ermənistan belə bir komissiya yaratsın və icma ilə görüşərək onların təhlükəsiz şəraitdə öz torpaqlarına qayıtmasını təmin etsin. Separatçıların bu iki məsələni eyniləşdirməsi əslində regionda separatizmin alovlanmasına xidmət edir. İndi 1990-cı illərin əvvəlləri deyil, etnik və regional separatizmin baş tutması üçün ermənilərin əlində münbit şərait yoxdur. Xüsusən Azərbaycan ərazisində və ondan kənarda formalaşdırılan hansısa təşkilatlarla nə Ermənistan, nə də havadarları heç nəyə nail ola bilməzlər. Separatizmə qarşı mübarizədə Azərbaycanın çox yaxşı təcrübəsi var. Azərbaycan bu təcrübədən istənilən vaxt istifadə edə bilər. İstər ölkə daxilində, istərsə də kənarda Azərbaycanın təhlükəsizliyinə təhdid yaranarsa çox uğurlu antiterror tədbirləri keçirə bilər.

 - Erməniləri Qarabağa qaytarmaq istəyən Ermənistan və havadarları Qərbi Zəngəzurdan zorla qovulan azərbaycanlı əhali barədə hansı qərarı verməlidir?

- Ermənilərin Qarabağa qayıtması məsələsini ermənilərin özləri də real hesab etmirlər. Elə bir neçə gün bundan öncə Ermənistanın baş naziri yerli mətbuata müsahibə verən zaman da bunu real hesab etmədi. Paşinyan qeyd elədi ki, son üç ayda 23 mindən çox Qarabağ ermənisi Ermənistanı birdəfəlik tərk edib. Nəzərə alsaq ki, artıq 1 ildir sonuncu terrorçu və separatçılar Azərbaycan ərazisini tərk ediblər, ona görə də nə qədər erməninin qayıda biləcəyi də real görünmür, bunun üçün real əsaslar yoxdur. Paşinyan hökuməti və Ermənistandakı bəzi radikal qüvvələr sülhə mane olmaq üçün bu məsələləri manipulyasiya edirlər.

- Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaradılmasının vaxtı yetişibmi?

- Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaradılması, yeni şərtlər və onların yaratdıqları yeni perspektivlərlə bağlı olacaqdır. İlkin mərhələdə Qərbi Azərbaycan İcmasının qarşısında belə bir vəzifə dayanmırdı. Biz 1987-1991-ci illərə qədər vətəndaşı olduğumuz Ermənistan respublikasına bərabərhüquqlu vətəndaş kimi qaytmaq istəyirdik. Yəni hər hansı bir hökumətin qurulmasından söhbət getmirdi. İndi ki, ermənilər bu cür qayıdışı qəbul etmir, o zaman Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaradılması perespektivdə daha ciddi vəziyyət ala bilər.

 

Seçilən
152
50
hafta.az

10Mənbələr