"Cənab Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər əhəmiyyətlidir".
Bu sözləri "Sherg.az" a açıqlamasında siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun fikrincə, Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq:
"Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinin müşahidə olunacağı gözlənilir. Əvvəla onu deyim ki, Azərbaycan-İtaliya əlaqələrinin tarixi çox qədimdir. Hələ orta əsrlərdə Venesiya, Florensiya və Genuya tacirləri Azərbaycan ipəyinə böyük maraq göstərir və buradan külli miqdarda xam ipək və ipək mallar aparırıdılar. Böyük İpək Yolu ilə İtaliyadan Çinə səyahət edən məşhur italyan səyyah Marko Polo Azərbaycandan keçib və bununla bağlı öz maraqlı təssüratlarını kitab şəklində çap etdirib. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələr mövcud olub və həmin vaxt Bakıda İtaliyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərib. 1972-ci ildə İtaliyanın Neapol şəhəri ilə Azərbaycanın paytaxtı Bakı qardaşlaşmış şəhərlər elan edilib. Bundan sonra İtaliya ilə Azərbaycan arasında mədəni əlaqələr bir qədər də intensivləşib. 1992-ci il yanvarın 1-də İtaliya Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci il mayın 8-də iki dövlət arasında diplomatik əlaqələr qurulub".
F. Şahbazlı bildirib ki, hazırda da ikitərəfli əlaqələrimiz bütün aktual istiqamətləri - enerji, ticarət, müdafiə, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir: "Ölkəmiz ilk növbədə İtaliyanın enerji təchizatında mühüm rol oynayır, bu ölkənin qazla təmin olunmasına böyük töhfə verir. İtaliya xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşımızdır. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etməsinin nəticəsi kimi TAP layihəsi Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində həlledici rola malikdir. TANAP boru kəməri ilə Türkiyə sərhədində birləşən TAP boru kəməri Yunanıstanın şimalına, Albaniyaya, daha sonra Adriatik dənizindən keçərək məhz İtaliyada yekunlaşır.
Bu gün İtaliyanın Cənubi Qafqazda ən etibarlı ticarət tərəfdaşı məhz Azərbaycandır. Rəsmi məlumatlara görə, bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycanla ticarət təşkil edir. 2023-cü ildə İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) təşkil edib. 2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi də İtaliya-Azərbaycan dostluq münasibətlərinin ən mühüm təzahürlərindən biridir".
Siyasi şərhçinin sözlərinə görə, ölkə başçısının İtaliyada yüksək səviyyədə qarşılanması və aparılan mühüm müzakirələr bir daha onu göstərir ki, Azərbaycan-İtaliya münasibətlərinin inkişafı dönməz xarakter alıb və strateji tərəfdaşlığa əsaslanan münasibətlərimiz bundan sonra daha da möhkəmləndiriləcək: "Xatırladım ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın haqlı mövqeyini qəti şəkildə dəstəkləyən ölkələrdən biri də İtaliya olmuşdur. Sonrakı illərdə Romanın siyasi və diplomatik dəstəyi daha da inkişaf edərək hərbi-texniki əməkdaşlıq müstəvisinə qədər genişlənib. Bu baxımdan 2024-cü ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi faktını misal göstərmək olar. Bundan əlavə, hazırda azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri də fəal iştirak edirlər.
Bütün bunların fonunda sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyaya başlanan növbəti səfəri də mühüm siyasi bir hadisə hesab olunmalıdır. Fikrimcə, bu səfər Emmanuel Makron Fransasının Avropada Azərbaycana qarşı “vahid cəbhə” formalaşdırmaq səylərinə sarsıdıcı bir zərbə olmaqla yanaşı, iki ölkə arasındakı strateji əməkdaşlığın üfüqlərini daha da genişləndirəcəkdir".