AZ

Erməniəsilli münsifə balabanı qəbul etdirən ifaçı: "Məqsədim Azərbaycanı layiqincə təmsil etməkdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Məqsədim Azərbaycan balabanını dünyaya tanıdaraq daha böyük uğurlara imza atmaq və ölkəmizi layiqincə təmsil etməkdir".
Bunu "Report"a müsahibəsində 24 yaşlı balaban ifaçısı Anar Vəlizadə deyib.
Əslən şuşalı olan müsahibimiz musiqiçi ailəsində böyüyüb. Bu sahəyə isə uşaq yaşlarından marağı olub:
"İlk musiqi aləti olaraq nağaradan başlamışam. Musiqi məktəbində nağara ixtisası üzrə təhsil aldıqdan sonra 5 illik musiqi məktəbinin sonunda balaban ixtisası üzrə eyni musiqi məktəbində təhsil alıb, yolumu balaban aləti ilə davam etdirmək qərarına gəldim. 2017-ci ildə Milli Konservatoriyaya daxil olub konsertlərdə, yarışmalarda iştirak etməyə başladım".
Bir neçə il bundan əvvəl ABŞ-də iştirak etdiyi müsabiqədə Azərbaycanı layiqincə təmsil edən ifaçı bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində də eyni uğuru əldə edib:
"2019-cu ildə onlayn yolla ABŞ-də keçirilən müsabiqəyə qoşulmuşdum. Açığı, nəsə bir cavab gələcəyini gözləmirdim. Bir neçə aydan sonra cavab gəldi ki, qalib olmusan. Azərbaycanın adını birinci yerdə görəndə çox böyük qürur hissi yaşadım. Bununla bağlı bizi ABŞ-yə dəvət etdilər. Müsabiqədəki münsiflərdən biri erməniəsilli idi. O, balabanı "duduk" kimi təqdim etməyə çalışdı, o zaman bildirdim ki, əgər təqdimat belə olarsa, səhnəyə çıxmayacağam. Çünki o, Azərbaycanın qədim musiqi aləti balabandır. Nəticədə musiqi alətimiz elə balaban kimi təqdim olundu və mən səhnəyə çıxdım".
A.Vəlizadə deyir ki, Nyu-York şəhərində yerləşən, dünyanın ən böyük səhnələrindən biri olan "Cornegie Hall"da çıxış edərək Azərbaycanın adını 50-dən çox ölkənin iştirak etdiyi müsabiqədə 1-ci yerdə görmək ona çox böyük qürur hissi yaşadıb:
"Bu günlərdə isə Özbəkistanın Səmərqənd şəhərində "Şərq təranələri" ("Şark taronalari") adlı müsabiqədə "Simurq" qrupu olaraq çıxış etdik. Çox uğurlu nəticələnən çıxışdan sonra Qran-pri mükafatı alaraq ölkəyə qayıtdıq. Bundan sonra da hədəfim Azərbaycanın adını layiqincə təmsil etmək, dünya səviyyəli uğurlara imza atmaqdır".
Seçilən
171
oxu.az

1Mənbələr