AZ

“Muxtariyyət kuboku”nun qalibi bəlli olub

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş yeniyetmə qızlar arasında “Muxtariyyət kuboku” uğrunda birincilik yekunlaşıb.

Futbolinfo.az xəbər verir ki, sentyabrın 4-dən etibarən başlayan mübarizədə bu gün qalib və mükafatçıların adları məlum olub. Üçünçülük görüşündə “Şərqi Zəngəzur”u 3:0 hesabı ilə məğlub edən U16 Azərbaycan millisi bürünc medalların sahibi olub.

“Naxçıvan” və “Əskişəhər” komandaları arasında keçirilən final matçından əvvəl turnirin rəsmi bağlanış mərasimi reallaşıb. İncəsənət nümayəndələrinin təqdimatında vətənpərvərliyi, Azərbaycan-Türkiyə dostluğunu, Naxçıvanı tərənnüm edən mahnı və musiqilər səsləndirilib, milli rəqslərimiz nümayiş olunub.

Sonra meydana finalçılar daxil olub, hər iki heyətin oyunçuları rəmzi topları azarkeşlərlə hədiyyə edib, ölkələrimizin şanlı bayraqları ilə xatirə fotosu çəkdiriblər. Final matçını Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və dövlət qurumların rəhbərləri də izləyib.

Həlledici qarşılaşmaya gəlincə, tamaşaçılar hər iki tərəfdən finala layiq mübarizə izləyiblər. Komandaların setlərarası qələbələri ilə hesab 2:2 olduğundan matçın qalibi tay-breykdə məlum olub. Həlledici setdə 15-13 hesablı qələbə əldə edən “Əskişəhər” turnirin qalibi adına sahib çıxıb.
İlk üç yerin sahibi olan komandalar və fərqlənən voleybolçular mükafatlandırılıblar. Mükafatları səlahiyyətli nümayəndə Fuad Nəcəfli, gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev, Azərbaycan Voleybol Fdederasiyasının baş katibi Faiq Orucov, turnirə dəstək göstərən sponsorların rəhbər və nümayəndələri təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışa ümumilikdə 8 komanda qatılmışdı.

Seçilən
133
2
futbolinfo.az

3Mənbələr