AZ

DƏHŞƏTLİ etiraf - Muxtar ( icra nümayəndəsi) meyiti mənə verdi və dedi ki, BUNU YOX EDƏCƏKSƏN


Türkiyəni yasa boğan Narin Güran cinayəti ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.

Bildirilir ki, saxlanılanlar arasında olan bir şəxs Narinin cansız bədənini çaya apardığını etiraf edərək, kəndin icra nümayəndəsi olan Narinin əmisi ilə dialoqunu danışıb:

"Saatını tam xatırlamıram, ancaq günortanı keçmişdi. Evimizə suların verilişi dayandığı üçün kəndimizin muxtarı (icra nümayəndəsi - red.) Salim Gürana zəng etdim və problem barədə məlumat verdim. Təxminən bir dəqiqə danışdıq. O, mənə nasazlıq üçün səlahiyyətlilərlə əlaqə yaradacağını dedi".

Etiraf edən şəxsin sözlərinə görə, bununla da danışıqları bitib. Amma sonra icra nümayəndəsi ilə yolda rastlaşıb:

"Mənim və Güranın evi təxminən 80-100 metr məsafədədir. Evdən öz maşınımla çıxdım, sonra arxamdan Salim Güranın avtomobillə gəldiyini gördüm. O, siqnal və işıq verdi. İçməli su ilə əlaqədar bir şey deyəcəyini düşünərək gözlədim. Salim maşınından enərək mənə doğru gəldi, mən də maşından düşdüm. O, əli ilə ön sərnişin oturacağında olan yorğana bükülü bir şeyi göstərərək "bunu yox edəcəksən" dedi. Mən də göstərdiyi şeyin yanına yaxınlaşdım və baxanda yorğana bükülü nəsə gördüm. İnsan olduğunu anlayanda təəccübləndim və tərəddüd etdim. Güran mənə "Ailəni yaxşı düşün, sənə 200 min TL (təxminən 10 min manat - red.) pul verərəm", - dedi. Ətrafımızda heç kim yox idi. O, maşınımda torba olub-olmadığını soruşdu, mən də baqajdan rəngini xatırlamadığım bir çuval çıxararaq Salim Gürana verdim. Yorğana bükülü uşağı alıb çuvalın içinə birlikdə qoyduq. Bu əsnada uşağın əynində qara qısaqol köynək və şort, həmçinin kiçik çantası var idi. Uşağı torbaya qoyduğumuz əsnada sağ qulağının arxasında boyun bölgəsində qızartı görünürdü. Mənə niyə öldürdüyündən və ya kimin öldürdüyündən danışmadı. Amma özü öldürməyibsə, niyə cəsədi gətirib yox etməyi mənə tapşırsın ki?.." - deyə saxlanılan şəxs bildirib.

O, qızın cəsədini çayda gizlətdiksən sonra axtarışlara qoşulduğunu deyib.

13:44

Türkiyədə avqustun 21-də Quran kursundan qayıdarkən itkin düşən və dünən çuvalda meyiti tapılan Narin Güran dəfn edilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər verib.

Bildirilir ki, Diyarbəkir Məhkəmə Tibb Ekspertizası İdarəsində aparılan ekspertizadan sonra meyit qohumlara təhvil verilib. Bundan sonra uşağın cənazəsi qonşu kənddəki məscidə aparılıb və orada cənazə namazı qılınıb.

Narin Güran Tavşantepe Məhəlləsi Qəbiristanlığında dəfn edilib.

 

 

 

 

13:00

Bütün Türkiyənin günlərlə ümidlə xəbər gözlədiyi, ancaq 19 gün sonra sarsıdıcı xəbəri alınan 8 yaşlı Narin Güranın istintaqı çərçivəsində əmisinin bu cinayətdə birbaşa əli olduğu üzə çıxıb.

Oxu.Az-ın verdiyi məlumata görə, "Sabah" qəzeti istintaq çərçivəsində alınan ifadələrə istinadla belə bir xəbər yayıb.

Bildirilir ki, çay kənarına maşını ilə getdiyi müəyyən edildikdən sonra saxlanılan şübhəli etiraf edib ki, icra nümayəndəsi (Narinin əmisi - red.) cəsədi çuval içərisində ona verib.

"Çuvalı götürüb çaya atdım", - deyə o əlavə edib.

Cinayətlə bağlı bu önəmli etirafdan sonra istintaq dərinləşdirilib. Aparılan ekspertiza zamanı Narinin çuvalda sol ayağının diz hissəsinin qopuq olduğu öyrənilib.

Qeyd edək ki, dünən Diyarbəkir valisi Murat Zorluoğlu Narin Güranın Eğertutmaz çayı kənarında çuval içərisində, üstü daşla gizlədilmiş vəziyyətdə ölü tapıldığını açıqlayıb.

"İlk məlumatlara görə uşaq öldürüldükdən sonra bir çuvalın içinə qoyulub çay kənarına gətirilib, çuvalla birlikdə çayın kənarında suyun içinə yerləşdirilib. Üstü də ağac budaqları və daşlarla şübhə oyatmayacaq şəkildə, təbii görüntü yaradılaraq örtülüb", - deyə o vurğulayıb.

Qeyd edək ki, istintaq çərçivəsində Narin Güranın anası, atası, iki qardaşı, dörd əmisi və həbs olunan əmisi S.G.-nin arvadı da daxil olmaqla 24 nəfər saxlanılıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
4
nuh.az

7Mənbələr