AZ

WSJ:“Kiyev çətin vəziyyətlə üzləşib”

AzVision.az xəbər verir ki, Amerikanın “Wall Street Journal (WSJ)” qəzeti Rusiya ordusunun uğurlarının Ukrayna ordusunun Kurska hücumunun təbliğat effektinə olan ümidlərini puça çıxara biləcəyini istisna etmir.

“Kursk vilayətində ələ keçirdiyi ərazilərin itirilməsi Kiyev üçün simvolik zərbə olacaq. Eyni zamanda, Ukrayna ilə müttəfiqləri arasında münasibətlərin növbəti kəskinləşməsi zamanı Rusiya Kursk bölgəsində əks-hücum əməliyyatına başlayıb. Qərb müttəfiqləri Kiyevə real hərbi planlar hazırlamaq üçün təzyiq göstərirlər. Moskvanın Kursk bölgəsində əks-hücumu Ukrayna üçün çətin anda baş verdi”, - qəzetdə dərc olunan materialda vurğulanır.

“Axmat”ın komandiri: "Kurskun bir hissəsi azad edilib"
Dünən “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Rusiyanın Müdafiə nazirliyinin Baş Hərbi-Siyasi idarəsinin rəisinin müavini, general-mayor Apti Alaudinov Kursk vilayətinin Korenevski istiqamətində dəniz piyadalarının bir neçə yaşayış məntəqəsini azad etdiyini bildirib.

Kursk vilayətində əks-hücumun başladığı barədə KİV-lərə açıqlama verən Rusiyanın Müdafiə nazirliyinin təmsilçisi Ukrayna ordusunun bir qrup hərbçisinin əsir götürüldüyünü də söyləyib.

Bu reallıqlar fonunda ABŞ-nin sabiq prezidenti Barak Obamanın xüsusi işlər üzrə keçmiş köməkçisi Çarlz Kupçan Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində ukraynalıların yorğunluğu, eləcə də Kiyevin cəbhədə və xarici siyasətdə problemləri qarşılığında Ukrayna üzrə sülh danışıqlarının getdikcə daha real varianta çevrildiyini bildirib.

- Ukrayna əhalisinin təxminən 50 faizi münaqişəyə son qoymaq üçün danışıqlara çağırır. Düşünürəm ki, bu, onların tükənməsinin nəticəsidir. Çox ukraynalı ölür. Ukraynada həyat çətindir”, - keçmiş amerikalı məmur deyib.

Çarlz Kupçanın sözlərinə görə, Kiyev, habelə, həm döyüş meydanında, həm də xarici siyasətdə ciddi problemlərlə üzləşib. Qərbin Ukraynaya yardımı qurtarır, Rusiya ordusu isə durmadan Donbassdakı strateji şəhərlərə doğru durmadan irəliləyir.

“Bütün bunlar Ukraynanı danışıqlar yolu ilə nizamlanmanı əlverişli varianta çevirmək vəziyyəti ilə üz-üzə qoyur”, - Kupşan vurğulayıb.

Qeyd edək ki, Ukraynanın hərbi bölmələrinin Kursk vilayətinə hücumundan sonra Rusiya prezidenti Vladimir Putin mülki əhaliyə və mülki infrastruktura hücum çəkənlərlə, həmçinin nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışanlarla danışıqlar aparmağın mümkünsüz olduğunu deyib.

Daha sonra isə, Putinin köməkçisi Yuri Uşakov bildirdi ki, Moskvanın Ukrayna münaqişəsinin nizamlanmasına dair sülh təklifləri ləğv edilməyib, lakin Rusiya “bu avantüranı nəzərə alaraq” hazırkı mərhələdə Kiyevlə danışmayacaq.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
115
50
azvision.az

10Mənbələr