AZ

Azərbaycan millisinin baş məşqçisi: Bəzi idmançıların çıxışı istədiyimiz səviyyədə olmadı

Yüksək nəticə gözlədiyimiz, davamlı şəkildə beynəlxalq yarışlara ezam olunan idmançıların nəticələri istədiyimiz səviyyədə olmadı.

Bunu "Far.Az"a açıqlamasında güllə atıcılığı üzrə Azərbaycan millisinin baş məşqçisi İradə Aşumova deyib.

O, Bakı Atıcılıq Mərkəzində keçirilən güllə atıcılığı üzrə ölkə çempionatı barədə danışıb:

"Bəzi idmançıların göstərdiyi nəticələrdən razı qaldım, bəzilərindən isə yox. Əsasən də yüksək nəticə gözlədiyimiz, davamlı şəkildə beynəlxalq yarışlara ezam olunan idmançıların nəticələri istədiyimiz səviyyədə olmadı. Bəlkə də onlar dünya çempionatına hazırlaşdıqları üçün istədikləri kimi çıxış edə bilmədilər".

Olimpiya Oyunlarının bürünc mükafatçısı sentyabrın 29-da Perunun paytaxtı Limada start götürəcək dünya çempionatı barədə məlumat verib:

"Mundialda tapançadan atəşaçmada 3 kişi və 3 qadın idmançımız mübarizə aparacaq. Tüfəngdən atəşaçmada isə Nigar Ramazanova qüvvəsini sınayacaq. O, məni ölkə çempionatında göstərdiyi nəticə ilə yaxşı mənada təəccübləndirdi. İlk dəfə idman usta normativini yerinə yetirdi. İnanıram ki, davamı gələcək. Bu adı təsdiqləmək üçün eyni nəticəni təkrarlamaq lazımdır".

Yığmanın çalışdırıcısı növbəti il onları pnevmatik tapança və tüfəngdən atəşma üzrə Avropa çempionatı gözlədiyini bildirib:

"Qitə birinciliyi U-16, U-18 və U-21-lər arasında baş tutacaq. Əvvəllər yarış 21 yaşadək idmançılar arasında keçirilirdi. Düşünürəm ki, daxili yarışlarda kütləvilik var. Yaşlı idmançıların çoxu artıq bu sahədən uzaqlaşıb. Çünki bu, çox çətin idman növüdür. Daim hazırlaşmalı, fiziki və psixoloji cəhətdən hazır olmalısan. Bir atıcı saatyarım atış meydanında olur".

Qeyd edək ki, Bakı Atıcılıq Mərkəzində keçirilən Azərbaycan çempionatında idmançılar pnevmatik tüfəngdən, kiçikçaplı tapançadan 25 m məsafəyə və pnevmatik tapançadan 10 m məsafəyə atəşaçmada qüvvələrini sınayıblar.

Seçilən
109
far.az

1Mənbələr