AZ

ABŞ-ın iflasa uğrayacaq Cənubi Qafqaz siyasəti— Vaşinqton nədə səhv edir?

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Bu addım hərbi qüvvələrini Ermənistanda yerləşdirən ABŞ-ın bölgə ilə bağlı uzunmüddətli planlarından qaynaqlanır. 

Hələ bu ilin aprelində ABŞ və Avropa İttifaqı Ermənistana hərbi dəstək paketini qəbul edib. Məlum 5 aprel görüşü də bununla bağlı idi, lakin Vaşinqton və Brüssel Bakının etirazına görə bu faktı təkzib edərək, gizlətməyə çalışdı. Hərçənd, Ermənistana hərbi yardım planı dəyişməyib. USAİD-in yardım paketini artırması da bununla bağlıdır. Müxtəlif layihələr adı ilə ayrılan pullar Ermənistan ordusunun təchizatına xərclənir. Bu, həm də ABŞ-ın bölgədə mövqelərini güclənməsinə hesablanıb.

Bu kontekstdə Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirilməsi təsadüfi deyildi. Bu təlim əslində ABŞ qüvvələrinin Ermənistana yerləşdirilməsi məqsədi daşıyırdı. Qərb qüvvələrinin Ermənistana yerləşdirilməsi məhz 5 aprel görüşündən sonra sürətləndirildi. Ermənistanın operativ şəkildə İrəvan hava limanından Rusiya sərhədçilərin çıxarılmasını həyata keçirdi, daha sonra ABŞ təyyarələrlə Ermənistana silah və hərbi heyət göndərdi və xüsusilə Zəngəzurda yerləşdirildi. Bu, Rusiyanın Ermənistandan çıxarılması, yerinə ABŞ-ın gətirilməsi planının tərkib hissəsi idi.

USAİD bu planda maliyyəçi rolunu oynayır, daha doğrusu, Ermənistana yardımlar bu təşkilat vasitəsilə ayrılır. USAİD tarix boyu Ermənistanın maraqlarından çıxış edən təşkilat olub. Təşkilatın rəhbəri Samanta Pauerin qondarma “erməni soyqırımına” sevgisi, keçmiş qondarma rejimin qondarma “dövlət naziri” olmuş Ruben Vardanyanla sıx əlaqələri məlumdur. Hətta Vardanyanın maliyələşdiridiyi “Avrora” mükafat komitəsində S.Pauer də yer alır. Əslində bu faktlar təsdiq edir ki, ABŞ dövlət maraqlarının reallaşdırılması ilə məşğul olan USAİD təşkilatı erməni lobbisinin nəzarətindədir. Erməni lobbisi Vaşinqtonun Cənubi Qafqaz siyasətində Ermənistana üstünlük verilməsi xəttini də həyata keçirir.

Hazırda Ermənistan Cənubi Qafqazda Qərb ölkələrinin platformasına çevrilib və bu prosesi, hətta Ermənistanın silahlandırılmasını ABŞ koordinasiya edir. Fransa başda olmaqala müxtəlif ölkələrdən Ermənistana silahların göndərilməsi də Vaşinqtonun nəzarətindədir. ABŞ-ın irəli sürdüyü tezis də “Ermənistan sərhədlərinin toxunulmazlığı” ilə bağlıdır. Halbuki, 30 il Azərbaycanın torpaqları işğal altında olanda ABŞ o qədər Azərbaycanın  ərazi bütövlüyünün və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunlumazlığı qədər xatırlamırdı. Yaxud bu gün Azərbaycanın əziyyət çəkdiyi mina terroru ilə bağlı ABŞ ədalətli mövqe sərgiləmir, heç bir dəstək vermir. Görünən odur ki, Qarabağa azərbaycanlıların qayıdışı hüquqları ABŞ-ı o qədər də narahat etmir. ABŞ-ın bu mövqeyi Azərbaycan ictimai rəyində bu ölkəyə olan inamı sarsıdıb.

Eyni zamanda, ABŞ-ın Ermənistana siyasi, iqtisadi və xüsusən hərbi dəstəyinin Ermənistanda revanşizmin artmasına zəmin yaratması faktı Azərbaycanda narahatlıq yaradır. ABŞ həqiqətən də regionda real sülh istəyirsə, Ermənistana təktərəfli dəstəyi, xüsusilə hərbi yardımları dəstəyi dayandırmalıdır. Ermənistan hakimiyyəti bu gün nə qədər ABŞ başda olmaqla Qərb ölkələrinə xoş bəyanatlar versə də, bu ölkə Rusiya ilə müttəfiq olaraq qalır. Ermənistan nə KTMT-dən, nə Avrasiya ittifaqından çıxıb. Ermənistanda Rusiyanın 102 saylı hərbi bazası, Rusiya-Ermənistan birgə hərbi qruplaşması, birgə havadan müdafiə sistemləri fəaliyyət göstərir. Artıq son günlər Ermənistan rəsmiləri Rusiyaya yenidən reveranslara başlayıb. Sonda belə ola bilər ki, Ermənistan elə Rusiya orbitində qalacaq. İtirən isə ABŞ olacaq. Çünki yaratdığı gərginliyə görə regionda heç bir dövlət onunla sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq. Vaşinqton bu haqda düşünməli, öz maraqlarını erməni lobbisinin maraqlarına qurban verməməlidir.

Vaqif Hüseynli
Demokrat.az
Seçilən
85
13
demokrat.az

10Mənbələr