Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İtaliyanın Latzio vilayətində keçirilən “Hüquqların təminatçısı kimi Ombudsmanın rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Konfransında iştirak edib.
Bu barədə Publika.az-a Ombudsman Aparatından bildirilib.
Dünya ölkələrində heç bir ayrı-seçkilik olmadan insan hüquqlarına hörməti təşviq etmək məqsədilə keçirilən tədbirdə 50-dən çox ölkənin ombudsman və milli insan hüquqları institutlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Konfransda “Qlobal böhranlar zamanı insan hüquqları. Ombudsmanın rolu” adlı sessiyada çıxışı zamanı Müvəkkil hazırda dünyanın həm insan hüquqlarına, həm də ətraf mühitə təsir edən mühüm qlobal problemlərlə üzləşdiyini bildirib.
İqlim dəyişikliyi kontekstində insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin ombudsman və milli insan hüquqları institutlarının fəaliyyətində prioritet məsələlərdən birinə çevrildiyini bildirən S.Əliyeva Azərbaycanın Ombudsman təsisatı tərəfindən müvafiq sahədə çoxsaylı tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.
Torpaqlarımızın otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalına məruz qaldığını qeyd edən Müvəkkil həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə ziyan vurulduğunu, ekosid cinayətlərinin törədildiyini bildirib.