AZ

“Müğənnilərin çoxu ailə tərbiyəsi görməyib, alt paltarında...”

Şou biznes əhlinin adı ətrafında qalamallar səngimək bilmir. Onların demək olar ki, hər addımı, hər qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.

 

Sənət adamlarının tətil gündəmi bu müzakirələri yenidən qızışdırıb. İlboyu pulsuzluqdan gileylənən məşhurların yayda dünyanın ən bahalı ölkələrinə tətilə getməsi onları yenidən hədəfə gətirib. Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu bildirib ki, məşhurların bir çoxu efirlərdə yalandan maddi imkanlarının zəif olduğunu deyirlər:  “Xalq  nə düşünürsə, sosial şəbəkələrdə nə yazırsa, əvvəl-axır bu, düz çıxır. Çünki camaat elə-belə söz danışmır. Bəzi müğənnilər yalandan efirdə ağlaşma qururlar, pulsuzluqdan şikayətlənirlər, amma əslində bu doğru deyil. Onların iç üzü bircə pandemiya dövründə göründü, onda 2 il idi ki, toysuz, pulsuz qalmışdılar, gileylənməkdən taqətdən düşmüşdülər. Çünki ömür boyu onların əlləri pulla oynayıb. Məşhurlar həqiqətən yüksək səviyyədə yaşayırlar, külli miqdarda pulları var. 

 

Onların Avropa ölkələrinə gedib gəzməyi də digər həmkarlarının acığınadır. Məşhurlar bir-birləri ilə daim bəhsə girirlər. Biri bahalı ölkəyə gedirsə, digəri çalışır ki, ondan da bahalı yerə getsin. Bədbəxtçilikləri də elə budur, onların bir-birini görməyə gözü yoxdur, yalandan həmkarlarının üzlərinə gülməyinə baxmayın. 

 

Bir məclisdə rastlaşırlarlar, şappa-şup öpüşüb görüşürlər, digəri uzaqlaşan kimi həmkarı deyir ki, əşşi, bu da axmağın biridir. Şou-biznes nümayəndələri dəhşətdir, sanki onların xəmiri başqa yerdən yoğrulub”. 

 

Şou əhlini topa tutan ekspert onların böyük əksəriyyətini görməmiş adlandırıb: 

 

“Yay boyu müxtəlif ölkələrdən tətil görüntülərini dayanmadan sosial şəbəkələrdə paylaşdılar. Bunun bir səbəbi var: onlar görməmişdirlər! Əksəriyyətində ailə tərbiyəsi yoxdur. Onlar öz mədəniyyətsizliklərini demək olar ki, bütün məclislərdə göstərirlər, böyük-kiçik yeri bilmirlər. İştirak etdikləri məclisə pullu, vəzifəli adam girən kimi qarşısında dimdik dayanırlar, onu ayaq üstə qarşılayırlar, amma ağsaqqal kişi gələndə özlərinə əziyyət verib ayağa belə qalxmırlar. 

 

Söhbət təkcə uzun illər tanıdığım müğənnilərdən getmir, yeni nəsil ifaçılar da məhz bu cürdür. Gənc ifaçı görür ki, filankəs soyundu, alt paltarında konsert verdi, hamı ona bəh-bəh dedi, dərhal o da eyni yolu gedir. Çünki gələn gənc də digərlərinin tayı, tərbiyəsizin yekəsidir. 

 

Hər məşhura ziyalı demək olmaz! Bu gün şou-biznesdə şıdırğı alver gedir, biri deyir mən yarım saatı 3 min manata oxuyuram, o biri deyir 5 minə oxuyuram. Bu müğənniləri başımıza çıxaran məhz elə cəmiyyətdir, onlara bir ətək pul verib məclislərinə çağırırlar, halbuki 8 min manata toya gedən ifaçıların bir çoxunun 8 qəpiklik adı yoxdur”. 

Tarix: 12 Sentyabr 2024, 19:50   
Seçilən
70
11
pravda.az

10Mənbələr