“İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən bəri zənglərimə cavab verməkdən imtina edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş “Reuters“ə müsahibəsində bildirib.
O qeyd edib ki, HƏMAS-ın ötən il 7 oktyabr terror hücumundan sonra Netanyahu ilə danışmayıb. Onun sözlərinə görə, Netanyahu BMT-ni İsrail əleyhinə olmaqda ittiham edir.
“Mən onunla danışmamışam, çünki o, telefon zənglərimə cavab vermir, lakin onunla danışmamaq üçün heç bir səbəbim yoxdur. O, Nyu-Yorka gəlsə, onu görməyə çox şad olaram”, - Quterreş vurğulayıb.
İsrailin BMT-dəki səfiri Denni Danon, Netanyahunun Quterreşlə BMT Baş Assambleyası çərçivəsində görüşməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala cavabında bildirib ki, baş nazirin cədvəli hələ dəqiqləşdirilməyib.