AZ

Qərbdən Azərbaycana HÜCUMLAR BAŞLADI - Səbəbi BU YAZIDA

İqlim konfransı ərəfəsində ölkəmizə qarşı siyasi təzyiqlər intensivləşib; Avropa İttifaqı və beynəlxalq hüquq-müdafiə təşkilatlarının birgə bəyanatına Azərbaycandan sərt etirazlar

BMT-nin 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək İqlim Konfransı (COP29) ərəfəsində Azərbaycana qarşı hücumlar intensivləşib. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, 30 beynəlxalq hüquq-müdafiə təşkilatının və Strasburqda keçirilən Nazirlər Şurasının iclasından sonra Aİ-nin Avropa Şurasındakı nümayəndəliyinin anti-Azərbaycan bəyanatları bunun sübutudur.

“Turan”ın verdiyi məlumata görə, anti-Azərbaycan bəyanatı imzalayanlar arasında Amerika Tərəqqi Mərkəzi, Jurnalistləri Müdafiə Komitəsi, FIDH (İnsan Hüquqları uğrunda Beynəlxalq Federasiya), Freedom Now, Henrix Boyl Fondu, İnsan Hüquqları Fondu, Human Rights House, Human Rights Watch, İnsan Hüquqları naminə Beynəlxalq Tərəfdaşlıq, Təbii Resursları İdarəetmə İnstitutu, Norveç Helsinki Komitəsi, PEN America, PEN International, People in need, Sərhədsiz Reportyorlar, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və s. var.

Bəyanatda adları açıqlanmayan “hüquq müdafiə qruplarına” istinadən bildirilir ki, “yüzlərlə insan siyasi motivli ittihamlarla həbs olunub”. Bəyanatı imzalayan təşkilatlar  hesab edirlər ki, ""Abzas Media", “Toplum TV” və “Kanal 13"lə  əlaqəsi olan ən azı 18 jurnalist və digər şəxslər ya həbsdədir, ya da əsassız cinayət təqibinə məruz qalır”.

Qərb “qht”ləri hətta Vətənə xəyanət ittihamı ilə həbs edilən  Praqa Karlov Universitetinin aspirantı Bəhruz Səmədovun və araşdırmaçı İqbal Ağazadənin də müdafiəsinə qalxıblar. Bəyanat ultimativ üslubda hazırlanıb və Azərbaycan hakimiyyəti “siyasi motivlərlə qanunsuz olaraq saxlanılan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal və qeyd-şərtsiz azad etməyə və onlara qarşı saxta ittihamları ləğv etməyə” çağırılır.

O cümlədən “qeyri-hökumət qruplarının və KİV-lərin qeydiyyatı və maliyyələşdirilməsi ilə bağlı qanunlara düzəliş etməyə” çağırılır. “BMT-yə üzv dövlətlər və təşkilatın Katibliyi, həmçinin Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupu, həmçinin Azərbaycanda biznes maraqları olan şirkətlər Azərbaycanın müstəqil vətəndaş cəmiyyəti ilə möhkəm həmrəylik nümayiş etdirməlidirlər. Bir çox vətəndaş subyektləri böyük şəxsi riskə məruz qalsalar da, insan hüquqları və ölkədə və regionda iqlim ədaləti uğrunda mübarizə aparmaqda davam edirlər”, - deyə bəyanatda qeyd edilir.

Azərbaycanda insan haqlarının vəziyyəti, ictimai fəalların, reportyorların saxlanması ilə bağlı zaman-zaman çağırışlar eşidilir. Lakin ilk dəfə belə total hücum təşkil olunur. Yəni indiyədək 30 beynəlxalq təsisatın birgə bəyanatı olmamışdı. Bəli, Azərbaycanda da yerli hüquq-müdafiə təşkilatları hesab etmirlər ki, insan haqlarının müdafiəsi ilə bağlı şərait idealdır, lakin bu bəyanatın imzalanması COP29 ərəfəsində reallaşıb. Çünki beynəlxalq diqqət Bakıya yönəlib və təşkilatlar bu vəziyyətdən istifadə edirlər. Bundan əvvəl də keçirilmiş mötəbər tədbirlər, yarışlar, festivallar ərəfəsində Azərbaycan hakimiyyətinə təzyiq məqsədi güdən belə hücumlar az olmayıb. İndi isə yeni bir situasiya yaranıb, üstəgəl, təkcə jurnalistlərin, yaxud siyasi aktivistlərin həbsi deyil, həm də Qarabağdan öz xoşu ilə köç etmiş ermənilərin də guya qovulduğu haqda ittihamları öz hesabatlarına, bəyanatlarına əlavə edirlər.

Azərbaycan

Arzuxan Əlizadə

“Yeni Müsavat”a 30 təşkilatın birgə bəyanat verməsini dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin sözlərinə görə, COP29 ərəfəsində Azərbaycana təzyiq göstərilir: “Hətta çalışırlar ki, bəzi ölkələr konfransda iştirak etməsinlər və bunu boykot kimi qiymətləndirsinlər. İnanmıram ki, bu cür qərarların böyük ölçüdə təsirləri olsun. Çünki əksər ölkələr və onların liderləri öz iştirak niyyətlərini bəyan ediblər. İstənilən halda, bu birgə bəyanat xoş deyil və Azərbaycanın uğurlarına qısqanclıqla yanaşmaqdır”. AMİP sədri hesab edir ki, Azərbaycana qarşı qarayaxma kampaniyası siyasi qərəzdən irəli gəlir: “Azərbaycanın siyasi-iqtisadi cəhətdən gücə çevrilməsi həzm olunmur. Əfsus ki, bəzi hallarda münaqişə tərəfi olanlar Azərbaycan əleyhinə iş aparmağa gələndə birləşə bilirlər. Çox təəssüf ki, bizim şimal, cənub qonşularımız, bəzi Qərb dövlətləri bəzi məqamlarda həmrəylik nümayiş etdirirlər. Ancaq bu "qara piar" kampaniyası ciddi nəticələr doğurmayacaq. Azərbaycana ekoloji bir konfrans üzərindən siyasi təzyiqlər edilməsi göstərir ki, məqsəd başqadır". A.Əlizadənin fikrincə, COP29 konfransının təşkili ilə Azərbaycan dünyaya nümunə olduğunu göstərəcək və ən yüksək səviyyədə hazırlıq işləri getməkdədir: “Biz bu konfransa Ermənistanı da, ölkəmizə iftiralar yağdıran Fransanı da dəvət etmişik, münaqişə vəziyyətində olan Rusiya və Ukrayna da çağırılıblar, yəni Bakı iki həftə həm də sülh, barış üçün bir platforma təklif etməkdədir. Bu baxımdan kənardan eşidilən yad səslər, kimlərinsə xor şəklində uğursuz çıxışları bizi çox da narahat etməməlidir, irəliyə baxmalıyıq”.

Ehtiram

Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev sözügedən təşkilatların əksəriyyətinin korrupsiyaya bulaşdığını, siyasi dələduzluqla məşğul olduğunu və Fransanın təsiri altında olduqlarını hesab edir. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bu çağırışlara münasibət bildirməlidir: “Söhbət ölkənin reputasiyasına xələl gətirmək missiyasından gedir. Bu, bir mərkəzdən verilmiş komandadır və tapşırıq yerinə yetirilib. Onların arasında "Freedom Now", "Human Rights Watch", Norveç Helsinki Komitəsi, "PEN America", "PEN International", "People in need", "Sərhədsiz Reportyorlar" kimi təşkilatlar bizə çox tanışdırlar. Onlar həmişə qərəzli hesabatlarla çıxış edirlər. Bircə dəfə görmədik ki, pozitiv bir məlumat açıqlasınlar. Bu təşkilatlar erməni lobbisinin, Makron administrasiyasının və bütövlükdə anti-Azərbaycan mərkəzlərinin əlində əsir-yesirdirlər, yəni istifadə olunurlar. Bu da siyasi dələduzluq yolu ilə pul qazanmaq variantıdır”. Partiya funksioneri təklif edir ki, ölkənin QHT-ləri, siyasi təşkilatları, parlament partiyaları cavab olaraq birgə bəyanatla çıxış etsinlər, mötəbər tədbir ərəfəsində Azərbaycan dövlətinə qarşı aparılan çirkin informasiya hücumunu pisləsinlər.

Fuad

Fuad Əliyev 

“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev Qərb QHT-lərinin birgə bəyanatını əvvəlcədən hazırlanmış siyasi akt sayır. Onun bildirdiyinə görə, Azərbaycan haqda mənfi rəy formalaşdırmaq cəhdləri müşahidə olunur: “Bizi dünyaya belə tanıtmaq istəyirlər. Amma söhbət BMT-nin konfransından gedir. Azərbaycan isə sadəcə ev sahibliyi edir və təşkilatçılığa cavabdehdir. Bu hücumları başladanlar bilməlidirlər ki, ilk növbədə BMT-nin tədbirinə kölgə salmış olurlar. İkincisi, dünya Bakıda keçirilməsinə razılıq verib, 100-dən çox ölkənin prezidenti və hökumət başçıları təşrif buyuracaqlar, 80-100 min arası qonaq gələcəyi gözlənilir, o zaman bu təşkilatların əski parçası olan bəyanatlarına hansı dövlətlər reaksiya verəcək? Əslində bir daha özlərinin qərəzli və kəmfürsət olduqlarını nümayiş etdirdilər”.

QHT rəhbəri ayrı-ayrı deyil, birgə bəyanatla çıxış edilməsini siyasi plan adlandırır: “İstisna deyil ki, növbəti qərəzli hesabatlar da yayılacaq. Hətta konfransın keçirildiyi günlərdə daha total hücumların olacağını təxmin etmək mümkündür. Heç təəccüb etmərəm ki, Fransa telekanalları, ermənipərəst təşkilatlar konfrans günlərində Azərbaycan əleyhinə məlumatlar yaysınlar. Ona görə buna hazır olmalıyıq və öz işimizi təqdim etməklə xain qüvvələri susdurmalıyıq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Seçilən
111
2
musavat.com

3Mənbələr