AZ

AZƏRBAYCAN ÇOX SÜRƏTLƏ DÜNYA İQTİSADİYYATINA İNTEQRASİYA OLUNUR

Dünyada Azərbaycan  yeganə  ölkələrdəndir ki, heç bir kənar qüvvələrin köməyi və yardımı  olmadan  zəngin iqtisadiyyat  qura bilmişdir. Təbii ki, bu iqtisadiyyat da birdən-birə yaranmamışdır. 

Heç kimə sirr deyil ki, Azərbaycanın  20 faiz ərazisi düz 30 ilə yaxın erməni işğalı altında qalıb. Belə bir  mürəkkəb siyasi-hərbi durumda ölkəmiz həm müdafiə qabiliyyətini  yüksəltməli, həm də iqtisadiyyatını  yüksək səviyyədə qurmalı idi. Təbii ki, bütün bunları həyata keçirmək üçün Azərbaycana çox güclü, uzaqgörən və müdrik bir siyasətçi lazım  idi. Bu siyasətçi də xalqın tələbi ilə hakimiyyətə gətirildi. Yəni Ulu Öndər  Heydər Əliyev Azərbaycan dövlətinin sükanı arxasına keçəndən sonra ölkəmizin siyasi, iqtisadi, hərbi və sosial problemləri zaman-zaman həll edilməyə başlandı. 

Bir çox  dövlətlər elə təsəvvür edirdilər ki, Azərbaycan iqtisadi böhrandan, müharibə şəraitindən öz gücü ilə çıxmağı bacarmayacaq. Amma Ümummilli Lider Heydər Əliyev  Azərbaycanın gələcəyini bütün dünya siyasətçilərindən, iqtisadçılarından daha yaxşı görürdü. O görürdü ki, ölkəmizin çox zəngin yerüstü və yeraltı  sərvətləri və digər dünyanın ehtiyac duyduğu məhsulları var. Sadəcə bu  məhsulları emal etmək, hazırlamaq və sonra da dünya bazarına çıxarmaq lazım idi. Heydər Əliyev Əsrin  müqaviləsi  neft kontraktına  imza atmaqla çox ağıllı  bir siyasi gediş etdi. Yəni  Bakı-Ceyhan neft kəmərinin çəkilməsi, İngiltərənin BP şirkəti ilə birgə Azərbaycan xam neftinin  çıxarılması, emalı və dünya bazarına  inteqrasiya  olunması çox önəmli bir  əhəmiyyət kəsb etdi. 

Artıq  1993-cü ildən  başlayaraq Azərbaycan  iqtisadiyyatı  iri addımlarla  inkişaf  etdi.  Uzun müddət  istehsalını  dayandırmış  fabrik, zavod və bir çox müəssisələr ölkə  rəhbərliyinin verdiyi  göstəriş əsasında yenidən işləməyə başladı.  Avropa  ölkələri gördülər ki,  Azərbaycan nə Ermənistandır, nə də Gürcüstan, ən azından ona görə ki, Azərbaycan  nefti və qazı kəmər vasitəsilə Avropaya göndərilir  və bundan isə həmin ölkələr istifadə  edirlər. 

Heç   şübhəsiz, ölkəmizdə iqtisadiyyatın  daha yüksək sürətlə inkişafının təmin edilməsi üçün  yeni-yeni investorlara, sərmayəçilərə  böyük  ehtiyac  vardı. Düzdür, elə  sahələr  vardır ki, həmin sahələrdə Azərbaycan dövləti və iş adamları  yatırımlar edirdi və yüksək məhsuldarlıq da əldə olunurdu. Belə bir durumda İtaliyanın, Fransanın, Macarıstanın, Bolqarıstanın, Türkiyənin, Rusiyanın onlarla şirkəti Azərbaycanda sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatın müxtəlif  sahələrinə  sərmayələr qoymağa  başladılar. Hər  bir şirkət və iş adamı öncə onu  düşünür ki, qısa zaman kəsiyində qoyduğu sərmayəni  əldə edə bilsin və bundan  sonra izafi dəyər qazansın.
Məhz həmin şirkətlər də gördülər ki, Azərbaycana  yatırılmış milyonlarla dollar  vəsaitlərini az bir müddətdə geri qaytardılar və üstəlik də  əlavə gəlir əldə  etməyi  bacardılar. Təbii ki, bütün  bu iqtisadi addımların  uğurla nəticələnməsi Azərbaycanın  dünya  iqtisadiyyatına daha  sürətlə inteqrasiya  olunmasına bir təkan verdi. Məhz o təkanın nəticəsi idi ki,  2000-ci ildən  sonra Avropa ölkələri, xüsusən  İtaliya, Türkiyə və Rusiya  Azərbaycanda iqtisadiyyatın  müxtəlif sahələrinə daha böyük yatırımlar etdilər. Bu da onunla əlaqədar  idi ki, Azərbaycanın 20 faiz torpağının işğal edilməsinə  baxmayaraq, onun  iqtisadiyyatı hər cür  imkana  malik idi. Əlbəttə, belə bir mövcud  şəraitdə sərmayəçiləri ən çox düşündürən əlavə izafi dəyər idi.  Və bu  izafi dəyər də müəyyən  zaman kəsiyindən  sonra  əldə edildi. 

Ölkəmizdə yaranmış sabitlik, əmin-amanlıq xarici investorların  Azərbaycana  gəlişini  bir qədər də sürətləndirdi. Onlar tək Bakı şəhərində deyil, başqa sözlə demiş  olsaq, neft sənayesinə deyil, həm də yeni-yeni fabrik və zavodların tikintisinə də vəsait ayırdılar. Xüsusən Sumqayıt şəhərində Çin Xalq Respublikası bir neçə müəssisənin yenidən qurulmasına  və Azərbaycan xammalı hesabına yeni məhsulların  istehsal edilməsinə xüsusi diqqət yetirdi. Bu isə o deməkdir ki, artıq  Çin kimi böyük bir dövlət  Azərbaycan  iqtisadiyyatına  yatırım etməkdən çəkinmir, bu sahədə öz maraqlarını təmin etmək üçün sərmayəni daha da artırırlar. 

Azərbaycanın ikinci böyük  şəhəri olan Gəncə şəhərində həm iqtisadiyyat, həm sənaye, həm də tikinti sektoruna xaricdən gələn şirkətlər kifayət qədər investisiya yatırdılar. Bu investisiyaların yatırılması ona zəmin yaradırdı ki, Azərbaycan iqtisadiyyatı çox zəngindir və ölkəmizin  qapısı  xoş məramla məmləkətimizə gəlib iş görmək  istəyən şirkətlərin  üzünə  açıqdır.

Elə ölkələr  var ki, uzun illərdir müstəqillik qazanıb, böyük ərazisi var, amma zəngin iqtisadiyyatı  yoxdur. Azərbaycan isə balaca bir ölkə  olmasına  baxmayaraq, həm dünya siyasətində, həm iqtisadiyyatında, həm də müdafiə sahəsinin yenidən qurulmasında önəmli addımlar  atır. Bu heç də asanlıqla başa gəlməyib. Ulu Öndər  Heydər Əliyevdən sonra 20 ilə yaxın hakimiyyətdə olan prezident İlham  Əliyev də Azərbaycan iqtisadiyyatının dünyaya inteqrasiya  olunması üçün çox böyük işlər görüb. Bunun nəticəsi kimi Azərbaycanın  beynəlxalq iqtisadi  konfranslarda, eləcə də digər mötəbər  təşkilatlarda  öz mövqeyini sərgiləməsi və dünyanın məşhur  şirkətlərinin Azərbaycana  dəvət edilməsi  xüsusi əhəmiyyət kəsb edib.

Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycanda elə bir siyasi-iqtisadi, sosial  mühit formalaşıb ki, hər bir xarici dövlət burda sərmayə qoymaq üçün böyük maraq göstərir. Eyni zamanda 2020-ci il sentyabrın 27-də başlayan  44 günlük İkinci Qarabağ savaşı və 2023-cü  il sentyabrın 19-20-də Qarabağda antiterror  əməliyyatının  uğurla aparılması ərazi bütövlüyümüzü tamamilə təmin etdi və bundan sonra məşhur  şirkətlərin ölkəmizə marağı bir qədər də artdı. 

Artıq Azərbaycan həm İslam, həm də Türk dünyasında öz yerini daha da möhkəmləndirib. Çünki Türk dünyası da, İslam dünyası da yaxşı bilir ki, ölkəmiz ümumbəşəri dəyərlərə  və insanlığa çox yüksək dəyər  verməklə öz iqtisadiyyatını  ən yüksək səviyyədə  təşkil etməyi bacarıb. Heç də təsadüfi deyil ki,  bütün bu dəyərlərimiz həm Türk dünyası, həm də İslam dünyası tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda prezident İlham Əliyev Türk və İslam dünyasını birləşdirən çox böyük siyasətçilərdən biridir. Bu gün dünyanın gözü  Azərbaycana tikilib, çünki Azərbaycan zəngin dövlət olmaqla yanaşı, həm də bəşəri dəyərlərə, beynəlxalq hüquq normalarına və insan hüquqlarına çox böyük hörmətlə yanaşır.

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
adalet.az

1Mənbələr