AZ

“AzərEnerji” beynəlxalq tender elan edib

Gələcəkdə enerji sistemində kataklizmlərin yaranmaması üçün indidən “AzərEnerji” ASC ABŞ və Türkiyə beynəlxalq texniki məsləhətçi şirkətlərinin təhlilləri əsasında 1850 meqavat yaşıl enerjinin enerji sisteminə inteqrasiyası ilə əlaqədar kompleks tədbirlərin icrasını həyata keçirir. ASC-dən SİA-ya bildiriblər ki, ənənəvi elektrik stansiyalarının tənzimləmə sistemlərinin optimallaşdırılması ilə tezliyin avtomatik tənzimlənməsində iştirak üçün işlər icra edilməklə yanaşı “AzərEnerji” tərəfindən istifadə olunan SCADA sistemində yenilənmələr aparılır. Bu məqsədlə yerli mütəxəssislərin hazırlanması üçün xarici mütəxəssislər dəvət edilir, xüsusi kurslar təşkil olunur.

Eyni zamanda “Siemens”, “General Electric”, “Mitsubishi”, “Wartsila” və “Emerson” şirkətləri ilə birlikdə “Sumqayıt”, “Cənub”, “Şimal”, “Qobu” elektrik stansiyalarında tələb olunan tədbirlər icra edilir, WAMS/WACS tətbiqi ilə monitorinq və nəzarət sistemləri gücləndirilir. Paralel olaraq, “AzərEnerji” 250 meqavat gücündə batareya saxlanc sisteminin quraşdırılmasına dair texniki məsləhətçi şirkət üzrə beynəlxalq tender elan edib. Eyni zamanda bu günlərdə, SCADA və WAMS/WACS monitorinq və nəzarət sistemlərinin tətbiqi üzrə məsləhətçi xidmətlər və layihələndirməyə dair yeni beynəlxalq tender elan olunması nəzərdə tutulub.

Bütün bu tədbirlər 1850 meqavat gücündə günəş və külək elektrik stansiyalarının enerjisistemə inteqrasiyasında xüsusi rol oynamaqla yanaşı, enerji sistemində yaşıl enerji payının ən üst səviyyəyə çatdırılmasına əlavə töhfə verəcək, enerji sisteminin dayanıqlığını və etibarlığını artıracaq.

Seçilən
2
16
sia.az

10Mənbələr