Bakı Metropolitenin 28 May stansiyasında vətəndaş ölümü ilə bağlı redaksiyamıza məlumat daxil olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.Az-a verilən məlumatdan bildirilib ki, stansiyada ölüm hadisəsi qeydə alınmayıb.
“Hazırda 28 May metrostansiyasındayam. Burada qətiyyən belə bir hal yaşanmayıb. Sadəcə birinci dərs növbəsindən sonra sərnişinlərin ən sıx vaxtında ekskalatoru dayandırmışdıq. Buna səbəb sərnişinin ayağının büdrəməsi idi. Amma həmin sərnişinin səhhətində heç bir problem olmadı. Hətta Təcili Tibbi Yardım çağırılmasına belə ehtiyac qalmadı. Sözügedən sərnişin də heç bir narazılığını bildirmədi”.
Bəxtiyar Məmmədov qeyd edib ki, Metropoliten tərəfindən istənilən xoşagəlməz hadisənin baş verməməsi üçün hər bir hadisəyə anında reaksiya verilir. Bu, sərnişin təhlükəsizliyinin tələbidir.
Fidan Vəlisoy