AZ

Tarixdə ilk: İsrail bir saatda 4000 nəfəri necə yaraladı? - DETALLAR

Ötən gün Livanda Hizbullah döyüşçülərinin rabitə üçün istifadə etdiyi simsiz cihazların (peycer) partlaması ilə bağlı müəmma davam edir.

 

Modern.az-ın məlumatına görə, ilk partlayışlar sentyabrın 17-də yerli vaxtla saat 15:45-də baş verib və təxminən bir saat davam edib. Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, 11 nəfər ölüb, 4 minə yaxın adam yaralanıb. 

 

Ölən və yaralananlar arasında Hizbullah döyüşçüləri də var. Partlayış zamanı, həmçinin İranın Livandakı səfiri Müctəba Əmani də yaralanıb. İran televiziyasının məlumatına görə, onun həyatı üçün təhlükə yoxdur və aldığı xəsarətlər yüngüldür.

 

Partlayışlar əsasən Hizbullahın qalası sayılan paytaxt Beyrutun cənub bölgəsi, həmçinin ölkənin bir sıra digər bölgələrini əhatə edib. Qonşu Suriyada da bir neçə peycerin parladığı və 14 nəfərin yaralandığı bildirilir. 

 

Hizbullah hücuma görə İsraili ittiham edib və cavab veriləcəyini vəd edib. İsrail ordusu hücumla bağlı sorğulara cavab verməyib.

 

Bəs cihazlar necə partladılıb?

 

Peycerlərin necə partladıldığı barədə müxtəlif iddialar səsləndirilib.

 

Qərb nəşrləri partlayan cihazların "Gold Apollo AR924" model peycer olduğunu yazıb. Sözündən model Tayvanda yerləşən şirkət tərəfindən istehsal edilir.

 

BBC Britaniya ordusunun keçmiş əməkdaşına istinadən bildirir ki, peycerlərə 10-20 qram arasında çox güclü hərbi partlayıcı yerləşdirilmiş ola bilər. Partlayıcıları qurğunun saxta elektron hissəsində gizlətmək mümkündür. Daha sonra partlayıcı qurğuları xüsusi mesaj vasitəsilə işə salmaq olar. Nəşr peycer partlayışlarının 1%-dən azının ölümlə nəticələndiyini, lakin yüzlərlə insanın ağır yaralandığını və hadisənin Hizbullaha ciddi psixoloji zərbə olduğunu bildirir.

 

"Əl-Cəzirə" kanalı isə Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən qeyd edir ki, peycerlər 20 qramdan çox olmayan partlayıcılarla doldurulub. Livanın kəşfiyyat xidmətləri partlayıcının necə işə salındığını araşdırır. Kanalın mənbəsinin sözlərinə görə, partlamış qurğular 5 ay əvvəl Livana gətirilib. Bundan əvvəl Qərb kəşfiyyatı da peycerlərin yeni gəldiyini qeyd edib.

Ərəb mətbuatı ekspertlərə istinadən yazır ki, hər bir tezlik diapazonunun özünəməxsus dalğa qəbul etmə qabiliyyəti var və tezliyə daxil olmaqla onu dəfələrlə yükləmək olar. Bu zaman həmin tezliyə qoşulan cihazların batareyaları qıza və partlaya bilər. Ekspertlər deyir ki, görünür, İsrail Hizbullah üzvlərinin istifadə etdiyi dalğanı tuta bilib və batareyanın nasazlığına və partlamasına səbəb olan çoxlu sayda mesaj göndərib. 

 

İddialara görə, Hizbullah üzvlərinin istifadə etdikləri bəzi cihazların temperaturu selsi üzrə 120 dərəcəyə çatıb. "The Wall Street Journal" nəşri qeyd edir ki, bəzi Hizbullah üzvləri peycerlərinin qızdığını hiss edərək partlayışdan əvvəl cihazları atmağa müvəffəq olublar. "Məsələn bu, cihazlarda litium batareyalarının həddindən artıq qızmasına və partlamasına səbəb olan zərərli proqram təminatının quraşdırıldığını göstərə bilər", - nəşr bildirir.

 

Başqa bir versiyaya görə, Hizbullahın özü tərəfindən sifariş edilən cihazlarda batareyanın həddindən artıq qızması prinsipi əsasında "təminatlı məhvetmə vasitələri" quraşdırılıb. Bu vasitələr peycerlərdə məlumatları qorumaq üçün istifadə edilir. Lakin bu “alətlər” hücum təşkilatçıları tərəfindən sındırılıb və istifadə edilib.

 

"Reuters" agentliyi isə bildirir ki, İsrailin Mossad kəşfiyyat agentliyi partlayışlardan aylar əvvəl Livana gətirilən 5000 peycerin içərisinə partlayıcı yerləşdirib. Agentlik peycerlərin Tayvanda yerləşən "Gold Apollo" şirkəti tərəfindən istehsal edildiyini bildirir, lakin şirkət verdiyi açıqlamada cihazları istehsal etmədiyini açıqlayıb. Açıqlamada qurğuların onların brendindən istifadə etmək üçün lisenziyası olan BAC adlı bir şirkət tərəfindən hazırlandığını qeyd edib.

 

Hizbullah niyə peycer istifadə edir?

 

1996-cı ildə İsrail kəşfiyyatı HƏMAS-ın baş bomba mühəndisi Yəhya Ayyaşı cib telefonuna yerləşdirilmiş bomba ilə öldürüb və qruplaşma bundan sonra mobil telefonlardan imtina etmək qərarına gəlib.

 

Qruplaşma üzvləri bildirib ki, Hizbullah döyüşçüləri İsrailin izləməsindən yayınmaq üçün peycerlərdən aşağı texnologiyalı rabitə vasitəsi kimi istifadə ediblər. Fevral ayında İsrailin Livana endirdiyi zərbələr nəticəsində HƏMAS-ın 170-ə yaxın döyüşçü ölüb, onların arasında yüksək rütbəli zabitlər də olub. Bundan sonra Hizbullah üzvlərinə - döyüşçülərdən tutmuş yardım xidmətlərində çalışan həkimlərə qədər peycerlər paylanılıb.

 

Modern Təhlil və Araşdırma Qrupu

Seçilən
24
50
modern.az

10Mənbələr