AZ

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası sentyabrın 20-də Vilnüs şəhərində keçirilib.

İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva  nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Yonas Survila rəhbərlik edib.

İclas zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, xəbəri Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti, müqavilə-hüquq bazasının genişləndirilməsi, habelə parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Qarşılıqlı ticarət və sərmayələrin təşviqi, nəqliyyat, alternativ enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, aqro-sənaye sahələrində geniş əməkdaşlıq imkanların mövcudluğu vurğulanıb, iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan-Litva hökumətlərarasıkomissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Münasibətlərin genişləndirilməsində humanitar sektorda, təhsil, mədəniyyət və turizm sahələrində mübadilələrin, xalqlararası təmasların gücləndirilməsinin də faydalı olduğu qeyd olunub.

Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də müzakirələrin diqqət mərkəzində olub. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

Qarşı tərəfə post-münaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
33
turan.az

10Mənbələr