AZ

Dövlət Suverenliyi Günü - Azərbaycan xalqının mətanətini və mərdliyini əks etdirir

Azərbaycan Prezidentinin sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Bu qərar Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin, 2023-cü ildə antiterror əməliyyatının və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayır.

Bu fikirləri “XQ”yə beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov dedi.

O bildirdi ki, Sovet İttifaqının dağılması fonunda 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası 20-ci əsrin sonlarında ən haqsız və ən qəddar işğallardan biri ilə üzləşdi. Ermənistan beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq keçmiş Dağlıq Qarabağ və ona bitişik yeddi rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizə yaxınını işğal edib. Bu ərazilərdə yüz minlərlə azərbaycanlının zorla qovulmasına səbəb olan kütləvi etnik təmizləmə aparılıb. Bəşəriyyətə qarşı cinayətlərin kulminasiya nöqtəsi hələ də tarixin ən faciəli səhifələrindən biri olan 1992-ci il Xocalı soyqırımı olub. Lakin nə işğal, nə də beynəlxalq passivlik Azərbaycan xalqının öz ərazisini və dövlət suverenliyini bərpa etmək iradəsini qıra bilmədi. Azərbaycanın onilliklər ərzində göstərdiyi diplomatik və hərbi səylər 2020-ci il Vətən Müharibəsində qələbənin əsası olub.

Analitik dedi ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlar törətmək və münaqişənin yeni mərhələsini açmaq cəhdlərinə cavab olan 44 günlük müharibə başladı: “Azərbaycan silahlı qüvvələri hərbi məharətlə yanaşı, həm də yüksək ruh yüksəkliyi nümayiş etdirərək Ermənistan ordusunu darmadağın etdi, əvvəllər işğal olunmuş ərazilərə nəzarəti bərpa etdi. Bu qələbə təkcə hərbi uğur deyildi - o, ədalətin bərpası, BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsi və ən uzun regional müharibələrdən birinin çoxdan gözlənilən sona çatması idi”.

“2020-ci il Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan öz ərazisinə tam nəzarəti bərqərar etmək üçün səylərini davam etdirib”, - deyən Masil Dəmirov əlavə etdi ki, siyasi və diplomatik tədbirlərə baxmayaraq, Ermənistan Qarabağ ərazisindəki silahlı birləşmələri dəstəkləməkdə, təhlükəsizliyə təhdidlər yaratmaqda və Azərbaycan Respublikasının suverenliyini pozmaqda davam edib.

Ekspert vurğuladı ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Silahlı Qüvvələri Qarabağ bölgəsindən qeyri-qanuni silahlı birləşmələrin çıxarılması və konstitusiya quruluşunun bərpası üçün antiterror əməliyyatına başlayıb: “Cəmi 23 saat davam edən əməliyyat Ermənistan qüvvələrinin tam tərksilah edilməsinə və Azərbaycanın ərazi üzərində tam nəzarətinin bərpasına gətirib çıxarıb. Bu əməliyyat Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmini təsdiq etdi. Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının və ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu gün əlamətdar gün kimi qeyd edilməsi göstərir ki, müstəqillik və suverenlik təkcə hüquqi kateqoriyalar deyil, həm də xalqınımızın uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğu ən yüksək dəyərlərdir”.

Analitikin fikrincə, Dövlət Suverenliyi Günü doğma torpaqların azadlığı uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün mühüm məqam olacaq. Bu yaddaş milli kimliyin ayrılmaz hissəsinə çevriləcək, müstəqilliyin asanlıqla gəlmədiyini xatırladacaq.

Milli Birlik və Qüdrət Bayramı - 20 sentyabr həm də Azərbaycan xalqının birlik və əzmkarlığının simvolu olacaq. Azərbaycanın çətin anlarda birləşərək öz torpağını, gələcəyini müdafiə etməyə hazır olduğunu bütün dünya gördü. Azərbaycanın Dövlət Suverenliyi Günü ölkənin müstəqillik yolunda qazandığı qələbələri və nailiyyətləri simvolizə edir, Azərbaycan xalqının mətanətini və mərdliyini əks etdirir və Azərbaycan Respublikasının tarixində yeni səhifə açır.

Rizvan FİKRƏTOĞLU
XQ

Seçilən
124
1
xalqqazeti.az

10Mənbələr