Quba şəhərində bədii gimnastika üzrə "Grace of Nature" yarışının açılış mərasimi keçirilib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Kompleksin direktoru Cavid Seyidov bu cür yarışların bölgələrdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib, ölkə rəhbərliyinin idmana olan diqqət və qayğısından söz açıb.
Daha sonra açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar musiqi sədaları altında maraqlı rəqs şousu nümayiş etdiriblər.
Üç gün davam edəcək yarışda fərdi proqramlar və qrup hərəkətləri üzrə qaliblər müəyyənləşəcək. Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edəcəklər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla mübarizə aparacaqlar. Turnirdə ölkənin müxtəlif klublarından idmançılar iştirak edəcəklər.
Qeyd edək ki, "Grace of Nature" turnirinə sentyabrın 26-sı yekun vurulacaq.
Mənbə: AZƏRTAC