AZ

Modelyerin atasının 100 min manatı hara yoxa çıxıb? - Ziddiyyətli ÖLÜM İŞİ

Bakınının Sabunçu rayonunda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Mustafa Zeynalovun qardaşı Əlisafa Zeynalov şahid qismində dindirilib.

Şahid, eyni zamanda Namiq Əliyevin keçmiş qaynatası olub. Əlisafa Zeynalov bildirib ki, hadisədən məlumatı olmayıb. O, hadisəni istintaq zamanı öyrənib:

"Hadisə haqqında məlumatım olmayıb. Hadisədən sonra məni zəng edib şöbəyə çağırdılar. Xəbər tutdum ki, hadisə zamanı müəyyən məbləğdə pul da yoxa çıxıb. Kürəkənimlə qızımın yaşadığı qaynanama məxsus evdə özüm axtarış keçirdim. Oradan 53 min manata yaxın pul aşkarladım və müvafiq qurumlara təhvil verdim. Onlar pulu gec aktlaşdırdılar. Lakin, mən polisə kömək etmişdim".

Müdafiə vəkilləri cinayət vaxtına yaxın tarixdə - 14 apreldə pulun tapıldığı evin ipotekasının ödənilməməsinə görə hərraca çıxarılması faktına əsaslanaraq, şahiddən o məbləği ödəmək üçün vəsaiti necə əldə etdiyini soruşub. Bu zaman şahid bildirib ki, 30 min manatı rəsmi olaraq dostundan, qalan pulu isə banklardan borc alıb. 

Daha sonra müdafiə tərəfi həmin borcun alınma tarixini soruşduqda məlum olub ki, borc hərracdan sonra - 17-19 aprel tarixində alınıb. Şahid bu ziddiyətə cavab olaraq deyib ki, hərraca pulu biznesindən borc olaraq götürüb və daha sonra geri ödəyib:

"İstintaqda bildirdiyim borcu həqiqətən də hərraca görə almışdım və o evi qaytarıb kiçik qızımın adına keçirdim. Amma hərracı özümdə olan pulla ödəmişdim. Kişiyəm mən, evimdə pul olur. Özüm də bizneslə məşğulam. Ordan götürüb ödədim. Daha sonra yerinə qoymaq məqsədi ilə digər borcları aldım. Sənədlərim də var ki, daha öncə özümə məxsus daşınmaz əmlaklar da satmışam. Yəni evimdə pul olması normaldır".

Həmin sənədlərdə də əmlakların 2014-2015-ci illərdə satıldığı müəyyən edilib. Şahid pulun necə dəqiqləşdirildiyi bağlı verilən digər suallar "yadımda deyil" deyərək cavablandırıb. İfadədə yaranan ziddiyyətə görə zərərçəkmişin müdafiəçisi vəsatət qaldıraraq çıxış edib:

"Şahidin ifadəsindəki ziddiyyətlərlə əlaqədar məhkəmədən xahiş edirik ki, hadisəni araşdıran müvafiq qurum bu məsələyə yenidən baxsın. Əlisafa Zeynalov hərraca verdiyi 68 min manatı necə dəqiqləşdiridiyini tam ifadə edə bilmədi. Qətlə yetirilən Kamran Bəkirovun yoxa çıxan 300 min manatından 100 mini hələ də tapılmayıb. Biz düşünürük ki, bu pulu təqdirləndirilən şəxslərin qohumu evini xilas etmək üçün istifadə edib. Elə qətlin əsl səbəbi də həmin pul olub".

İclas 17 oktyabr tarixinə təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən Mustafa Zeynalov millət vəkili Elnur Allahverdiyevin doğma dayısıdır.

İttihama görə, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirov qətlə yetirilib.

İstintaq sənədlərinə görə, bu ilin aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.


Seçilən
47
24
news24.az

10Mənbələr