AZ

Nəsrullahın ölümü 5 sualda

İsrail ordusu həyata keçirdiyi hücumlarda “Hizbullah” terror təşkilatının baş katibi Həsən Nəsrullahı hədəfə alıb. Tel-Əviv Nəsrullahın əməliyyatda məhv edildiyini iddia etdi. Hizbullahın da verdiyi açıqlamada Nəsrullahın öldürüldüyünü təsdiqləyib.

İsrail ordusu Nəsrullahla birlikdə terror təşkilatının yüksək səviyyəli komandirlərindən Əli Karakinin də öldürüldüyünü iddia edir. Terrorçular hələlik Karaki ilə bağlı açıqlama verməyib.

İranın dini lideri Əli Xameneyi bu gün verdiyi bəyanatda İsrailin Livana hücumlarını pisləyib və “müdafiəsiz insanlara qarşı qırğın törədildiyini” deyib.

“HƏMAS” terror təşkilatı həm də Nəsrullahın öldürülməsinin müqaviməti daha da gücləndirəcəyini bildirib.

 

Nəsrullah necə öldürüldü?

 

İsrail ordusu Livanın paytaxtı Beyrutda son hücumlarında Hizbullahın əsas qərargahını hədəfə alıb. Cümə axşamı (sentyabrın 26-da başlayan intensiv bombardmanlar şənbə səhəri də davam edib.

Əməliyyatlar davam edərkən İsrail mətbuatında Nəsrullahın öldüyünə dair iddialar dərc olunmağa başladı.

“Times of Israel” qəzetinə danışan və adının çəkilməsini istəməyən yüksək rütbəli İsrail rəsmisi “Hizbullahın qalası” olaraq xarakterizə edilən Dahiyəyə hücumların Livana qurudan əməliyyat başlamamaq üçün edildiyini bildirib.

Rəsmi, İsrail kəşfiyyatının 2040-cı ilə qədər İsrail dövlətini ortadan qaldırmağı hədəfləyən İran planının təfərrüatlarına çıxış əldə etdiyini və Nəsrullahın bunun mühüm bir hissəsi olduğunu iddia edib.

Mənbə həmçinin iddia edib ki, İsrail İranla genişmiqyaslı müharibə istəmir.

 

“Hizbullah”ın terrorçubaşısı Həsən Nəsrullah kim idi?

 

Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullah 1960-cı il avqustun 31-də paytaxt Beyrutun şimal-şərqindəki Burc Hamud bölgəsində anadan olub.

1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayanda 15 yaşı olan Nəsrullah ailəsi ilə birlikdə doğulduğu Sur şəhərinin əl-Bəzuriyə kəndinə qayıdıb və oradakı şiə Əməl Hərəkatına qoşulub. Nəsrullah sonralar Əməl Hərəkatının lideri Abbas Musəvinin yaratdığı məktəbdə təhsil alıb.

O, 1982-ci ildə “Hizbullah” terror təşkilatına qoşulub. Musəvi 1992-ci ildə İsrail tərəfindən öldürüldükdən sonra 1992-ci il fevralın 12-də Hizbullahın baş katibi seçilib.

İsrail-Livan müharibəsi zamanı, 2006-cı il iyulun 14-də Nəsrullahın bir neçə saat əvvəl ziyarət etdiyi ofis İsrail tərəfindən atılan bombalar nəticəsində dağıdılıb. Lakin Nəsrullah hücumdan sağ çıxa bilib.

Nəsrullah “HƏMAS”ın oktyabrın 7-də başlatdığı Əl-Əqsa qətliamını dəstəklədiyini bəyan edib və atəşkəs imzalanana qədər İsrailə hücumların davam edəcəyini dəfələrlə bildirib.

İsrailin “Haaretz” qəzeti Nəsrullahın geridə qoyub getdiyi mirasla bağlı aşağıdakı qiymətləndirmələri paylaşır: “Nəsrullah geridə zəifləmiş terror təşkilatı mirası qoyub. Onun ölümü Livan və Yaxın Şərqin müasir tarixini formalaşdıran “Hizbullah” terror təşkilatında bir dövrün sonu deməkdir”.

 

Nəsrullahı kim əvəz edəcək?

 

Böyük Britaniyada yerləşən “Reuters” xəbər agentliyinə danışan tədqiqatçı Filip Smit, Nəsrullahın yerinə gələcək şəxsin həm Livan “Hizbullah”ı, həm də İran tərəfindən qəbul edilməli olduğuna diqqət çəkir.

“Hizbullah” lideri Nəsrullahı əvəzləyəcək ən çox ehtimal edilən şəxs Seyid Haşim Seyfəddin kimi görünür. 1964-cü ildə Livanda anadan olan Seyfəddin 32 il “Hizbullah” terrorçularına rəhbərlik edən Nəsrullahın əmisi oğludur.

“Hizbullah” terror təşkilatının siyasi işlərinə cavabdeh olan və təşkilatın Cihad Şurasında olan Seyfəddin 2017-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən terrorçular siyahısına salınıb.

Seyfəddin, “Hizbullah”ın yüksək rütbəli komandirlərinin iyun ayında İsrail ordusunun həyata keçirdiyi hücumlarda öldürülməsindən sonra Təl-Əvivi qisasla hədələmişdi.

Smit, Nəsrullahın bir müddətdir “Hizbullah”ın idarəçilik səviyyəsində atdığı gedişlərlə Seyfəddinin liderliyinə yol hazırladığına da diqqət çəkib.

 

“Hizbullah” nə edəcək?

 

İsrail Müdafiə Qüvvələri (IDF) “Hizbullah” komandanlığının son hücumlarla “demək olar ki, tamamilə dağıldığını” iddia edib.

ABŞ-da yerləşən Vaşinqton İnstitutundan Hanin Qəddar, “Hizbullah”ın qurulduğu gündən bəri ən ağır zərbələrdən birini aldığını iddia edib və təşkilatın hələ də hücum etmək qabiliyyətinə malik olduğunu bildirib.

Amerika mediası CNN-ə danışan Qəddar “Hizbullah”ın hələ də əlində olan idarə olunan və uzaq mənzilli raketlərdən istifadə etmədiyinə diqqət çəkir.

Uelsdəki Kardiff Universitetindən Amal Saad da İsrailin artan hücumlarına baxmayaraq “Hizbullah”ın terrorunu davam etdirdiyini bildirərək aşağıdakıları bölüşüb: “Hizbullah”ın hərbi performansı sübut etdi ki, o, bu şoku udmaq və geri qayıtmaq iqtidarındadır. Onlar günlərdir ki, İsrailin şimalına qarşı sərt hücumlar həyata keçirirlər. “Hizbullah” bu cür sarsıntıları udmaq üçün qurulmuş bir təşkilatdır. Dözümlü və liderlərdən üstün olmaq üçün yaradılıb.

Saad bildirir ki, terror təşkilatı böyük zərbə alsa belə, əməliyyatlarını davam etdirəcək. Təşkilat Nəsrullahın ölümünü təsdiqləyib və ”müharibəni davam etdirəcəklərini” bəyan edib.

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian”ın təhlilində ABŞ və müttəfiqlərinin bu həftə İsraillə “Hizbullah” arasında 21 günlük atəşkəs tələb etdiyi xatırladılıb və Tel-Əvivin Nəsrullaha hücumunun Bayden administrasiyasına vurulan sillə kimi şərh edilib”.

 

İran buna necə cavab verəcək?

 

Nəsrullahın ölümü təsdiqləndikdən sonra bütün gözlər İrana çevrilib. Xameneyinin İsrailin mümkün hücumlarına qarşı təhlükəsiz yerə köçürüldüyü bildirilir.

İyulun 31-də İranda “HƏMAS”ın terror təşkilatı Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyənin öldürülməsi dünya gündəmini zəbt etmişdi və Tehran hücuma görə məsuliyyət daşıdığı İsraildən qisas alacağını açıqlamışdı. Lakin bu qisas hələ 62 yaşlı Haniyənin öldürülməsindən sonra gələcək. İranın əks-hücum planları təəccüblənərkən, İsrail daha böyük bir əməliyyat təşkil edərək Nəsrullahı öldürdü.

CNN yazır ki, İran “ən yaxın müttəfiqi “Hizbullah”a vurulan zərbə qarşısında öz variantlarını dəyərləndirir”.

Vaşinqtonda yerləşən “Quincy Institute” analitik mərkəzindən Trita Parsi iddia edir ki, Nəsrullahın məhvindən sonra “İranın müharibəyə getməməsinin səbəbləri etibarsız ola bilər”.

Parsi həmçinin deyir ki, Tehran qisas almasa, onun regiondakı etibarı və mövqeyi zədələnə bilər.

Saad İranın İsrailə raket və PUA hücumları ilə cavab verəcəyi təqdirdə ABŞ-ın da müharibəyə qoşula biləcəyinə diqqət çəkib.

Digər tərəfdən, CNN-in təhlilində Tehranın Qərblə münasibətləri yaxşılaşdırmaq istədiyi, bu səbəbdən çətin prosesə girdiyi yazılır. İran prezidenti Məsud Pezeşkian bu həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyi çıxışında Qərb ölkələrinə “nüvə sazişini canlandırmağa hazır olduqlarını” deyib.

“The Guardian” təhlilində İranın dəstəklədiyi İraq, Suriya və Yəməndəki terrorçuların raket və pilotsuz uçan aparatlara malik olduğu və bunların təkcə İsrailə qarşı deyil, ABŞ hədəflərinə qarşı da istifadə oluna biləcəyi bildirilir.

Seçilən
158
50
vaxt.az

10Mənbələr