AZ

“Kipr türk bələdiyyələri ilə əməkdaşlıq bələdiyyələrarası dostluğu inkişaf etdirəcək” - Təmraz Tağıyev

Bu günlərdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının (AŞBMA) nümayəndə heyəti Kipr Türk Bələdiyyələri Birliyinin (KTBB) dəvəti ilə Kiprdə rəsmi səfərdə olub.

“Qafqazinfo” xəbər verir ki, səfər təəssüratlarını bölüşən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev səfər çərçivəsində bir sıra görüşlər keçirdiyini açıqlayıb.

O bildirib ki, Kipr Türk Bələdiyyələr Birliyinin sədri Mahmut Özçınar, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Şimali Kipr Türk Respublikasının maliyyə naziri Özdemir Berova, daxili işlər naziri Dursun Oğuz, Girne bələdiyyəsinin sədri Murat Şenkul və Çatalköy-Esentepe bələdiyyəsinin sədri Ceyhun Kırokla maraqlı görüşlər keçirilib.

Yekun olaraq KTBB ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında yerli idarəetmədə və müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan protokol imzalanıb.

Girnədəki “The Arkın Colony Hotel”də keçirilən imzalanma mərasimində Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz, Azərbaycan və Şimali Kipr Türk Respublikasından olan bələdiyyə sədrləri iştirak ediblər.

M.Özçınar və T.Tağıyev arasında imzalanmış protokola uyğun olaraq, iki ölkə arasında səmərəli, sistemli məsləhətləşmələr və məlumat mübadiləsinin yaradılması nəzərdə tutulub. Əməkdaşlıq protokoluna uyğun olaraq, KKTC və Azərbaycanın yerli idarəetmə orqanları təhsil, səhiyyə, gənclər və idman, turizm, tarixi və mədəni irsin qorunması, ətraf mühit, enerji, mədəniyyət və incəsənət, infrastruktur, texniki və humanitar sahələrdə əməkdaşlıq edəcəklər.

Yardım, informasiya texnologiyaları və nəqliyyat kimi mövzularda əməkdaşlıq etmək məqsədilə təcrübə mübadiləsi və ekspert mübadiləsi proqramları hər iki tərəfin razılaşdırdığı layihələr çərçivəsində birlikdə həyata keçiriləcək.

Protokola uyğun olaraq, tərəflər yerli diplomatiya yolu ilə iqtisadi, sosial və mədəni əlaqələrin reallaşdırılması üçün KKTC ilə Azərbaycan şəhərləri arasında qardaş şəhər əlaqələrinin qurulmasını dəstəkləyəcək və təşviq edəcəklər. Tərəflər iş adamları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə investorlara və sahibkarlara lazımi stimul və yardımlar göstərəcəklər.

İmzalanma mərasimində çıxış edən T.Tağıyev dəvətə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib: “Ərazi bütövlüyünü bərpa edən Azərbaycanın haqqı işi uğrunda apardığı mücadilədə Türkiyənin daim yanımızda olması tariximizin bu səhifəsində qızıl hərflərlə yazılacaq məqamdır. İnanırıq ki, Kipr türk bələdiyyələri ilə əməkdaşlıq etməyimiz ölkələrarası mövcud olan dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etməsinə xidmət edəcək”.

Qeyd edək ki, protokolun imzalanma mərasimində T.Tağıyevlə yanaşı, Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov, Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev, Sumqayıt bələdiyyəsinin sədri Orxan Adıgözəlzadə və Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının şöbə müdirləri Əmrah İmanov və Rövşən Məmmədov iştirak ediblər.





Seçilən
38
1
qafqazinfo.az

8Mənbələr