Bakı, 30 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 9 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 təlim əl qumbarası və 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən olunub.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.