AZ

Britaniya polisi cinayətlərin üstünü açmaq üçün süni zəkadan istifadə etməyə başlayıb

     Zaman keçdikcə süni zəka daha çox sahədə tətbiq olunmağa başlayır. Süni zəkanın potensial imkanlarını Britaniya polisləri də sərgiləyirlər. Eyvon və Somerset qraflığının hüquq-mühafizə orqanları Soze adlı tətbiqdən istifadə etməyə başlayıblar. Bu tətbiq hal-hazırda test mərhələsindədir. Sözügedən texnologiya konkret cinayətlərlə bağlı böyük həcmdə məlumatları (məktublar, mesajlar, maliyyə sənədləri, sosial şəbəkə hesabları, cərimələr və s.) analiz edir, onlarda müəyyən qanunauyğunluqları və onlar arasında az nəzərə çarpan əlaqələri axtarır.     Daha sonra isə sistem analiz prosesini işə salır, müəyyən nəticəyə gəlir və əldə edilmiş nəticəni hüquq-mühafizə orqanlarına təqdim edir. Təbii ki, Soze hələ ki, real istintaqçını əvəz edə bilmir. Lakin bununla belə ondan istifadə edən hüquq-mühafizə orqanları ondan razıdırlar və bu texnologiyada böyük potensialı görürlər. Uzunmüddətli perspektivdə bu texnologiya əlavə işçiləri cəlb etmədən qısa zaman ərzində müxtəlif cinayətlərin üstünü açmağa yardımçı ola bilər. Böyük Britaniya Milli Polis Rəisləri Şurasının sədri Gavin Stephens öz növbəsində Soze adlı tətbiqin iş prosesini belə xarakterizə edib.     “Siz, lazımi materialların çatışmazlığı səbəbilə ilk baxışdan həlli mümkün olmayan cinayət işinə sahib ola bilərsiniz. Bu halda siz əldə olan materialları bu cür sistemə yükləyirsiniz və o öz növbəsində sizə lazımi qiymətləndirməni təqdim edir. Mən bunu olduqca effektiv hesab edirəm” - deyə Gavin Stephens qeyd edib. Digər tərəfdən mütəxəssislər qeyd ediblər ki, bu cür süni zəka sistemlərinə tam şəkildə güvənmək lazım deyil. Belə ki, onlar düzgün olmayan və ya özlərinin uydurmuş olduqları məlumatları təqdim edə bilərlər. 

Seçilən
41
technote.az

1Mənbələr