AZ

Bu gündən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək

Oktyabrın 2-dən noyabrın 7-dək Orionid meteor yağışı müşahidə ediləcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Milli.Az-a verilən məlumata görə, oktyabrın 21-də meteorların sayı pik həddə olacaq.

Bildirilib ki, Bakıda yağış saat 22:00-dan 06:27-yə - səhər açılana qədər müşahidə olunacaq.

Məlumata görə, mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışı Orionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteor görünə bilər.

Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteor yağışıdır. Halley kometinin Günəş ətrafında bir dövrünün tamamlanması təxminən 76 il çəkir. O, Yerdən növbəti dəfə 2061-ci ildə görünəcək.

Bəzən meteorlar meteor yağışı kimi tanınan qruplar halında düşürlər. Meteor yağışını təşkil edən meteorlar paralel trayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəki müşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür. Bu nöqtəyə radiant deyilir. Ənənəyə görə, meteor yağışları radiantın yerləşdiyi bürcün adını daşıyır.

Qeyd edək ki, bu, ayın ikinci meteor yağışıdır. Belə ki, Drakonid meteor yağışı oktyabrın 6-10-da müşahidə ediləcək və oktyabrın 8-də pik həddinə çatacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
70
30
milli.az

10Mənbələr