AZ

Fərid Şəfiyev: Türk Dövlətləri Təşkilatı üzv ölkələrin siyasi və iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayır

Fərid

Naxçıvan, 3 oktyabr, Nail Əsgərov, AZƏRTAC

Dünyada çox mürəkkəb geosiyasi hadisələr cərəyan edir. Məhz bu baxımdan dövrün çağırışlarına lazımi cavab vermək, üzv dövlətlərin təhdidlərə hazır olması, ölkələrin siyasi və iqtisadi cəhətdən inkişafı, güclənməsi üçün Türk Dövlətləri Təşkilatı mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına böyük önəm verir. Öz çıxışlarında vurğulayıb ki, Türk dövlətləri təşkilatı bizim ailəmizdi, bu inkişaf təmin olunacaq. Bu təşkilat olaraq nəinki iqtisadi və humanitar, hətta hərbi və təhlükəsizlik sahəsində müvafiq işlər aparılmalıdır. Biz görürük ki, dövlət başçısının qeyd etdiyi kimi, bu illər ərzində birləşmə prosesi baş verir. Artıq İstanbulda qərargah fəaliyyət göstərir. Bir sıra ṣəhərlərdə, Bakıda, Astanada, Daşkənddə bu təşkilatın qurumları var.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Naxçıvan sazişinin imzalanmasından ötən 15 ildə böyük inkişaf müşahidə olunur. Belə ki, Türk Şurası kimi fəaliyyətə başlayan qurum artıq beynəlxalq təşkilata çevrilib. Hazırda bu beynəlxalq təşkilat çərçivəsində bir sıra mühüm siyasi, iqtisadi və humanitar layihələr həyata keçirilir. Bu gün Naxçıvan Dövlət Universitetində “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda keçirilən tədbirin əsas məqsədi isə intellektual elmi müstəvidə müzakirələr aparmaqdır. Tədbirdə Macarıstan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndələr iştirak edirlər.

“Həqiqətən, Naxçıvan Türk dünyası üçün çox vacibdir. Mən konfransdakı çıxışımda da qeyd etdim ki, vaxtilə bu torpağa göz dikənlər çox olub. Azərbaycan-Türkiyə iş birliyi, hərbi və siyasi birliyi artıq nümunədir. Özbəkistan, Qazaxıstan və Azərbaycan birgə təlimlər keçirir. Türk dövlətləri həmrəy şəkildə hərbi sənayenin inkişafına çalışırlar. Ümidvaram ki, konfransdakı müzakirələr bu böyük işə kiçik töhfə olacaq”, - deyə o əlavə edib.

Fərid Şəfiyev deyib: “Türkdilli ölkələrdə vaxtı ilə ərəb, latın, kril əlifbaları mövcud idi. Mərkəzi Asiya dövlətləri hələ də kril əlifbasından istifadə edirlər. Elə bu məqsədlə latın əlifbası əsasında ortaq, vahid əlifba yaratmaq qərara alındı və artıq bu istiqamətdə iş tamamlanıb. Bundan başqa, gələcəkdə ölkələrarası tələbə mübadiləsi layihəsinin icrası da müzakirə olunur. Bildiyimiz kimi, Avropada “Enactus” proqramı var. Türk Dövlətləri Təşkilatını əhatə edən ölkələr də buna bənzər proqram yaratmaq istəyirlər. Bu proqramla gənclər bir-birilərinin mətnlərini, ədəbiyyatlarını oxuyacaq. Ümumilikdə, bütün bu tədbirləri reallaşdırmaqda əsas məqsəd türk birliyinin möhkəmlənməsinə xidmət etməkdir”.

Seçilən
29
azertag.az

1Mənbələr