AZ

Böyük Britaniya müstəmləkəsindən imtina etdi, bəs Fransa?

"Böyük Britaniya Çaqos adalarını Afrikadakı ada dövləti olan Mavrikiyə qaytaracaq. "The Guardian" nəşrinin yazdığına görə, bu qərar Londonda bir neçə mərhələdə aparılan danışıqlardan sonra əldə olunub. Bununla Böyük Britaniya Afrikadakı son müstəmləkəsindən imtina etmiş olacaq".

Bu sözləri Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

ELXAN.jpg

Politoloq bildirib ki, Parisin Londondan fərqli olaraq müstəmləkələrindən imtina etmək fikri yoxdur:

"Mavriki 1968-ci ildə müstəqilliyini əldə etməsinə baxmayaraq, Böyük Britaniya Hind okeanındakı bu dövlətə məxsus adalara sahibliyindən imtina etməyib. Çünki Böyük Britaniya həmin adalardan hərbi baza kimi istifadə edib, hətta 1966-cı ildə müttəfiqi Amerika Birləşmiş Ştatlarına kirayə verib. Beynəlxalq məhkəmə 2019-cu ildə Böyük Britaniyanın adalardan imtinasına qərar verib. Qərarda yazılıb ki, hərbi bazanın yaradılması məqsədilə 1970-ci ildə adalardan sakinlərin çıxarılması qanunsuz idi. Böyük Britaniyanın Çaqos adalarını Mavrikidən qanunsuz qopardığına qərar verilib. London Beynəlxalq məhkəmənin qərarına etiraz etməyib və 5 il aparılan danışıqlar nəticəsində adaları sahibinə qaytarmağa qərar verib. Mavriki həmin adaları yenidən məskunlaşdıra bilər.

Buna baxmayaraq, əldə edilən razılaşmaya görə, hərbi baza adalardan çıxarılmayacaq, sadəcə Böyük Britaniya Mavrikiyə kirayə haqqı ödəyəcək. Kirayə müddəti 99 ildir. Bu, Böyük Britaniya və ABŞ üçün Hind Okeanında hərbi varlığını qorumaq üçün mühüm amildir. Digər tərəfdən, yeni anlaşma ilə Böyük Britaniya ilə Mavriki arasında gərgin münasibətlərə son qoyulub. İki dövlət arasında razılaşmanın əldə edilməsində Amerika Birləşmiş Ştatları və Hindistanın rolu olub.
Böyük Britaniya aldığı qərarla bağlı adalara qonşu olan Hindistanı əvvəlcədən məlumatlandırıb. Dehli adalar məsələsində hər zaman Mavrikinin mövqeyini dəstəkləyib. Dehli keçmiş müstəmləkə dövləti olaraq qonuşuluğundakı adaların da dekolonizasiyasını dəstəkləyib. Ona görə də Hindistan razılaşmanı alqışlayıb. Əldə edilən razılaşma ABŞ, Böyük Britaniya, Mavriki və Hindistan arasındakı mübahisəyə qon qoymaqla yanaşı, Çinin bölgədə möhkəmlənməsini ənəgəlləmək məqsədi də daşıyır. Böyük Britaniya ilə Mavriki arasındakı razılaşma Hind okeanında müxtəlif dövlətlər arasında yeni əməkdaşlıq imkanları açacaq.

Böyük Britaniya illərdir müstəmləkələrindən imtina siyasətinə üstünlük verərkən, Fransa əksinə, müstəmləklərində hərbi və polis rejimini gücləndirir. Parisin Londondan fərqli olaraq müstəmləkələrindən imtina etmək fikri yoxdur".

Politoloq vurğulayıb ki, müstəmləkələri nəzarətdə saxlamaq və oradakı insanların etirazıyla mübarizə aparmaq Fransaya ildən-ilə baha başa gəlir.

Xalidə Gəray
Musavat.com

Seçilən
155
4
musavat.com

6Mənbələr