AZ

Sədr: Dünyada mövcud problemlərin aşkar edilməsi üçün beyin mərkəzlərinin fəaliyyəti önəmlidir

Sədr:

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın yaşıl gündəliyinə uyğun olaraq texnoloji innovasiyalar əsasında işğaldan azad edilmiş Qarabağ ərazisində artıq “ağıllı şəhər”, “ağıllı kənd” kimi layihələr icra olunur. Belə dayanıqlı şəhər və kənd planlaşdırılması regionda ətraf mühitə mənfi təsirləri minimuma endirmək üçün innovativ həll yollarıdır.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Elmi Tədqiqat İnstitutu İdarə Heyətinin sədri Şahin Sadıqov “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Beyin Mərkəzləri Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, İƏT regionu iqlim risklərinə qarşı həssas bir bölgədə yerləşir.

“İqlim dəyişikliklərinin nəticələri iqtisadiyyata birbaşa mənfi təsir edə biləcək faktorlardandır. Səhralaşma, yağıntı azlığı səbəbindən regionda su hövzələrinin və məhsuldar torpaqların itkisi əsas problemlərdən biridir. Bu məqsədlə region ölkələri arasında dayanıqlı kənd təsərrüfatının formalaşması, su hövzələrinin mühafizəsi, yaşıl layihələrə birgə investisiya imkanlarının müzakirəsi böyük əhəmiyyət kəsb edir. Müasir qlobal çağırışlar fonunda İƏT ölkələri iqtisadiyyatlarının daha dayanıqlı, innovativ texnoloji yeniliklərə əsaslanan və bilik əsaslı iqtisadi modellər əsasında qurulmasına ehtiyac var. Bu məqsədlə dünyada baş verən ən son trendlərin araşdırılması, mövcud problemlərin aşkar edilməsi və səmərəli həlli yollarının təklif edilməsi üçün beyin mərkəzlərinin fəaliyyətləri kifayət qədər önəmlidir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Şahin Sadıqov əlavə edib ki, güclü tədqiqat mərkəzləri dövlət siyasətinin formalaşmasında və qərar qəbul etmə prosesində iştirak edirlər. Onun sözlərinə görə, İƏT regionunda tədqiqatların dəstəklənməsi, milli tədqiqatların regional səviyyədə əlaqələndirilməsi, tədqiqatçı kadrların yetişdirilməsi üçün institutlaşma prosesi uzun müddətdir ki, müzakirə mövzusudur: “Hələ 2002-ci ildə İƏT-ə üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə Bakıda təşkilatın Tədqiqat Mərkəzinin yaradılması təklifi Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülüb. 2006-cı ildə İƏT-in ölkəmizdə baş tutan 9-cu Zirvə görüşündə mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilib. 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV Zirvə toplantısında Tədqiqat Mərkəzinin nizamnaməsi tərəfimizdən imzalanıb. Tədqiqat Mərkəzi gələcəkdə təşkilatın beyin mərkəzi kimi fəaliyyət göstərəcək, regionda problemlərin həlli və səmərəli qərarların qəbul edilməsində həlledici rol oynayacaqdır. Hazırda mərkəzin qısa müddət ərzində fəaliyyətə başlaması üçün işlər intensiv olaraq davam etdirilməkdədir”.

 

Seçilən
13
azertag.az

1Mənbələr