AZ

Hərbi sahəyə yönələnlərlə bağlı YENİ XƏBƏR: Yüksək maaş, ev təminatı…

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir.

Bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir. Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Təkliflə bağlı tanınmış jurnalist, hərbi ekspert Səxavət Məmməd Referans.az-a açıqlamasında danışıb.

“Əslində, bu, gözlənilən idi. Hazırda təklif olunan qanun layihəsi yönündə problemlər var idi. Təbii ki, hərbi təhsilini başa vurmayanların və ya hər hansısa səbəbdən, intizamsızlıq səbəbindən məktəbdən çıxarılanların həqiqi hərbi xidmətə çağırılması doğru yanaşmadır. Orada xüsusilə qeyd olunur ki, bu sahəyə getmək istəyənlərin sayını artırmaq üçün bu sahənin cəlbediciliyini artırsınlar. Buna görə də yəqin ki, bir sıra addımlar atılacaq. Buna çox ciddi ehtiyac var. Bunu qanunla etməklə yanaşı buna həqiqətən təşviq lazımdır”.

Ekspert bildirib ki, bu qanun layihəsinin ciddi müzakirələrdən sonra təsdiqi daha məqsədəuyğundur.

“Bu qanun layihəsi ilə bağlı ciddi şəkildə götür-qoy edilməlidir. Çünki bu məsələ ilə bağlı çox təkliflər ola bilər lakin bəzən olur ki, qanun qəbul olunur və daha sonra onun problemləri ilə üzləşirik. Sonra isə yenidən ondan yaranan problemlərlə bağlı addımlar atmaq məcburiyyətində qalırıq”.

Səxavət Məmməd Azərbaycanda hərb sahəsində yeni təhsil ocaqlarının açılmasına ehtiyac olduğunu da vurğulayıb.

“Eyni zamanda bu təhsil ocaqlarına insanları cəlb etmək üçün, onları buna təşviq etmək üçün addımlar atılmalıdır. Məsələn, maaş məsələsinə burada toxunmaq olar. Əvvəlki nəsillərin ən azından hərbiyə yönəlməkdə motivasiyası var idi. Bu, Qarabağ idi. Amma artıq Qarabağ azaddır və buna görə də yeni nəsillər üçün yeni motivasiya şərtdir. Həmçinin ev təminatı məsələsini də qabartmaq lazımdır. Azərbaycanda 25 il qüsursuz xidmətdən sonra yalnız ev təminatı mümkündür ki, bu da gənc bir hərbçi üçün artıq lazımsızdır”.

Seçilən
8
1
medianews.az

2Mənbələr