AZ

“COP29-un Azərbaycanda keçirilməsi onun dünyada artan rolunun sübutudur” – Türkmənistan səfiri

Yazını böyüt
Yazını kiçilt

Bakıda Türkmənistanın müstəqilliyinin 33 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.

Hafta.az-ın yazdığına görə, dövlət nümayəndələrinin, diplomatik korpusun və ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Qurbanmammet Elyasov bildirib ki, ölkəsinin xarici siyasətinin əsas istiqamətlərindən biri Azərbaycanla əlaqələri ardıcıl şəkildə möhkəmləndirməkdir.

“Bu gün geosiyasi və geoiqtisadi baxımdan Türkmənistan və Azərbaycan nəqliyyat, kommunikasiya və enerji dəhlizləri sistemində əsas dövlətlər olmaqla Avrasiyanın qovşağında mühüm yer tutur. Hər iki ölkə mühüm enerji layihələri həyata keçirir, eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizəyə və alternativ enerji mənbələrinin inkişafına mühüm töhfələr veriblər. Vurğulamaq istərdim ki, bu ilin noyabrında qardaş Azərbaycanda COP29-un keçirilməsi onun dünya səhnəsindəki artan rolunun əyani sübutudur”, - diplomat qeyd edib.

Səfir əlavə edib ki, ortaq köklər, dil, dini birlik, oxşar mədəniyyət, adət-ənənələr iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu təmin edən amillərdir.

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında qardaş Türkmənistan xalqını və dövlətini bayram münasibətilə təbrik edib. Ölkələrimiz arasında əlaqələrin inkişafından söz açan nazir müavini bildirib ki, Bakı ilə Aşqabad arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

“Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələrin daha da genişləndirmək üçün böyük potensial var. Bu baxımdan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Eyni zamanda humanitar, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq üçün imkanlar genişdir. Bu imkanlar xalqlarımızın bir-birini daha yaxından tanımasına və əlaqələrimizin dərinləşməsinə kömək edəcək”, - Fariz Rzayev deyib.

Diplomat həmçinin Azərbaycanla Türkmənistan arasında tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.

Tədbir daha sonra Azərbaycanın və Türkmənistanın xalq artisti, görkəmli xanəndə Gülyanaq Məmmədovanın bir-birindən şux və oynaq ifaları ilə davam edib.

Seçilən
28
1
hafta.az

2Mənbələr