AZ

Kliniki Tibbi Mərkəzin 110-cu ildönümü həsr edilmiş tədbir keçirilib - YENİLƏNİB

Bakı, 7 oktyabr, AZƏRTAC

TƏBİB tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin (KTM) 110 illiyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, deputatlar, tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak edib.

Əsası 1914-cü ildə 8 barakdan ibarət Yoluxucu Xəstəliklər Xəstəxanası kimi qoyulan, hazırda Kliniki Tibbi Mərkəz adı altında fəaliyyət göstərən çoxprofilli xəstəxanada yaradılan müxtəlif şöbələr, icra olunan ağır və nadir əməliyyatlar barədə məlumat verilib.

Çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Kliniki Tibbi Mərkəzdə göstərilən yüksək tibbi xidmətlərdən danışıb. O, icbari tibbi sığortanın tətbiqindən sonra ən ağır əməliyyatların KTM-də icra olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə Kliniki Tibbi Mərkəzin müasir tibbi avadanlıqlarla təchiz edildiyini bildirib, yeni yaradılmış şöbələrdən danışıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı və digər şəxslərin də çıxışları dinlənilib.

Daha sonra KTM-lə bağlı arxiv məlumatlar əsasında hazırlanmış film nümayiş etdirilib.

Tədbirdə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov çıxış edərək son illər mərkəzdə baş verən dəyişikliklər, xəstəxanada görülən işlər və yaxın zamanda yeni açılacaq şöbələr barədə də qonaqları məlumatlandırıb.

Tədbirdə Vətən müharibəsi zamanı göstərilən yüksək xidmətlərə görə bir sıra tibb işçiləri mükafatlandırılıb.

Tədbirin sonunda Azərbaycan səhiyyə tarixində ilk dəfə çap edilmiş “Təcili tibb” kitabının təqdimatı olub. Kitabın müəllifi Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovdur.

Seçilən
18
6
azertag.az

8Mənbələr