AZ

Maksim Şevçenko: Ermənistanın Rusiya üçün hər hansı strateji əhəmiyyəti yoxdur

“Azərbaycanın postsovet ölkələri ilə bağlı siyasəti ədalət və istər Rusiya Federasiyası, istərsə də Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələri ilə eyni dərəcədə yüksək səviyyəli münasibətlərin qurulmasına əsaslanır”.

APA-nın Moskvaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında politoloq Maksim Şevçenko deyib.

O bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər Prezident İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında konstruktiv və məqsədyönlü dialoqa söykənir: “Azərbaycan və postsovet məkanının siyasi həyatında baş verənləri diqqətlə izləyirəm. Azərbaycan postsovet məkanında özünün subyektivliyini isbatlayan istənilən dövlətlə əlaqələr qurub. Ölkənizin bu istiqamətdəki siyasəti ədalət və istər Rusiya Federasiyası, istərsə də Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələri ilə eyni yüksək səviyyəli münasibətlərin yaradılmasına əsaslanır. Rusiya ilə münasibətlər Prezident İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında konstruktiv və məqsədyönlü dialoqa söykənir. Məhz bu dialoq ikitərəfli əlaqələrimizə yön verir. İstər Rusiyanın Baş naziri Mixail Mişustin, istərsə də digər görkəmli simaların Azərbaycana mütəmadi hal alan səfərləri bu münasibətləri daha da möhkəmləndirir”.

Politoloq eyni zamanda, ölkəmizin Türkdilli dövlətlərlə də qarşılıqlı hörmət və etimad əsaslı əlaqələr yaratmağa nail olduğuna diqqət çəkib. Şuşaya səfərinə toxunan Şevçenko azad edilmiş ərazilərdə TDT-yə üzv ölkələrin inşa etdiyi infrastruktur obyektləri ilə tanş olduğunu bildirib. O, bu addımı Türkdilli dövlətlər arasında tərəfdaşlıq və həmrəyliyin nümunəsi adlandırıb.

Şevçenko Qərbi Azərbaycandan XX əsr boyunca 1 milyondan çox azərbaycanlının Ermənistandan qovulduğuna diqqət çəkərək, azərbaycanlıların öz doğma yurdlarına qayıdacağına və Ermənistanla münasibətlərin tənzimlənəcəyinə inandığını qeyd edib.

Ekspert Rusiyanın İranla münasibətlərini daha da dərinləşdirməkdə olan Ermənistana görə məsuliyyəti üzərinə götürməli olmadığını deyib: “Dildə bir cür danışıb, başqa formada hərəkətlər etmək nominal olaraq Fransaya, əslində isə Ermənistana xas olan bir xüsusiyyətdir. Fransada kontrafakt istehsalı cinayət sayılır. Ermənilərin əsas funksiyası məhz bundan ibarət olub. Ermənistan artıq Rusiyanın yox, İranın problemidir. Ermənistan bütün nəqliyyat şəbəkələrindən kənarda yerləşən kiçik bir dövlətdir. Ermənistan heç vaxt Rusiyanın Qafqazda strateji dayağı olmayıb. Rusiya İmperiyası 1917-ci il inqilabına qədər gürcü və Azərbaycan aristokratiyasına arxalanıb. Ermənistan Rusiyaya heç lazım deyil. Bu ölkə özü ilə ancaq problemlər gətirir. Ermənistanın guya Rusiyanın dayağı olması barədə deyilənlərin əsası yoxdur. Onun varlığı və ya yoxluğunun hər hansı fərqi yoxdur. Rusiyanın istər Türkiyə, istər Azərbaycanla hər iki prezidentlə şəxsi dialoqa əsaslanan münasibətləri mövcuddur. Ermənistanda isə Rusiyanın inşa etdiyi iki Ato -Elektrik Stansiyası var. Onun da istismarını “Rosatom” həyata keçririr. İstismarın dayandırılması onun xidmətlərindən istifadə edənlərə böyük problemlər yaradacaq. Ermənistanın Rusiya üçün hər hansı strateji əhəmiyyəti yoxdur. Fransa Qafqaz regionunda sabitliyi pozur. Rusiya isə belə bir niyyət güdmür. Biz Qafqazın sülh bölgəsinə çevrilməsini istəyirik. Nikol Paşinyan irəli sürdüyü sülh təşəbbüsünü reallaşdırması Rusiyanın da marağındadır”.

Şevçenkonun qənaətincə, Azərbaycan ərazi bütövlüyünü bərpa etməsi ilə Ermənistandakı ermənipərəstlik ideyası da yoxa çıxıb:

“Tehrandan əmr gəlsə, Ermənistan sıraya düzüləcək. Belə olan halda Rusiya nəyə görə Ermənistanın məsuliyyətini üzərinə götürməlidir? Ermənistanın özü də bunu istəmir. Qoy kim istəyirsə, Ermənistanın məsuliyyətini daşısın. Rusiya Cənubi Qafqazın Qərbin agentləri üçün alət olmasını istəmir. Biz istəyirik ki, Cənubi Qafqaz Qərb siyasətçilərinin müharibə alovu yandırmağa cəhd etdiyi regiona çevrilməsin. Mən Azərbaycan Prezidentinin qətiyyətli siyasətini nikbinliklə izləyirəm. Mən bir dəfə də olsun Azərbaycan Prezidentinin dilindən erməni xalqının ləyaqətinə toxunan hər hansı fikir eşitməmişəm. Qoy, kim hansı təşkilatın tərkibindən çıxmaq istəyirsə, çıxsın. Mən şəxsən Ermənistanın hansısa struktur daxilində mövcudluğunu hiss etməmişəm. Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistandakı ermənipərəstlik ideyası da yoxa çıxdı. Azərbaycan Ermənistana erməni xalqının da maraqlarına zidd olan, milli mədəniyyəti məhv edən ermənipərəstlik ideyasından xilas olmağa kömək edib”.

Ermənistanda tarixən formalaşan separatçılıq meyillərinə toxunan Maksim Şevçenko bunun cinayət olduğunu dərk etməyin vacibliyindən danışıb. O bildirib ki, bu cür yanaşma Avropaya da ziyan vurub.

“Əgər sən hansısa suveren, müstəqil ölkənin ərazisində yaşayırsansa, bu o demək deyil ki, bir müddət sonra ortaya çıxıb respublika yaratmaq ideyası ilə çıxış edəsən. Separatizmin daim təşviq edilməsi cinayətdir”, - Maksim Şevçenko fikirlərini yekunlaşdırıb.

Ramiz Mikayıloğlu

Fərid Azəri

Seçilən
23
1
apa.az

2Mənbələr