AZ

“Bizə qadağa qoyan məmurlar indi...” - Tahir İmanovdan SƏRT AÇIQLAMA

Dizayner Aynur Xəlilova "YouTube"da yayımlanan "Hərşeyşünas" adlı podkastının yeni mövsümünə start verib.

Onun budəfəki həmsöhbəti Əməkdar artist Tahir İmanov olub. Sənətçi KVN-nin bu günə qədər keçdiyi çətin yolundan söz açarkən, Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı Araz Ağalarovun adını xüsusi vurğulayıb:

“Bizə o vaxt dövlətin dəstəyi demək olar ki, sıfır dərəcəsində idi. Oyunda ən böyük yardımı isə Azərbaycan əsilli iş adamı Araz Ağalarov verib. Anar (Məmmədxanov-red.) bu haqda çox danışıb. 1992-1993-cü illər çox çətin vaxtlar idi. Həmin zamanlar Azərbaycanda xaos, yiyəsizlik hökmranlıq edirdi. Hətta valideynlərimiz bizi axşam saat 5-dən sonra küçəyə buraxmırdılar. Mən yarışa gedəndə sinif rəhbərim dedi ki, birdən Moskvada nəsə bir çətinlik olsa, bu nömrəyə zəng edərsən. Mənə kağız parçası verdi. Qayıdıb dedim ki, Cəmilə xanım, mənim nə kimi problemim olacaq? Biz komanda ilə gedirik. Sonra təsəvvür edin ki, iş o yerə gəlib çıxdı ki, Anar bir gün komandanı yığıb dedi ki, bizim artıq hoteldə qalmağa imkanımız yoxdur. Kimin tanışı var? Mən də qayıdıb Anara dedim ki, getməzdən əvvəl belə bir əhvalat baş verib. Sinif rəhbərim bu kağız parçasını verib, istəyirsən, zəng et. Anar Araz Ağalarova telefon köşkündən zəng etdi. O bizi qəbul etdi. Onun dəstəyi ilə həmin hoteldə də qaldıq, yeməyimizi də yedik, məşqlər üçün icarəyə götürdüyümüz zalın da pulunu ödədik və qalib gəldik. 17-23 yaşlı gənclər Azərbaycanı təmsil edərək ilk dəfə incəsənət xadimləri arasında üçrəngli bayrağımızı ucaltdı. Bundan sonra “Молодёжь Азербайджана” (“Azərbaycan gəncliyi”) qəzeti bizim ünvanımıza ağzına gələni yazdı. Sizcə, biz o vaxt necə ola bilərik? Anar yığıb bizə dedi ki, fikir verməyin. “İt hürər, karvan keçər” atalar sözünü birinci dəfə onda eşitdim”.

Qadağalardan söz açan Tahir İmanov bir zamanlar silahdaşları olan həmkarları ilə bağlı sualları cavabsız qoyub:

“Bizə qadağa qoyan məmurlar indi vəzifə sahibi deyillər. Yenə də Allah onların canını sağ eləsin. 1995-ci ildə biz dövlətin dəstəyi ilə çıxış etməyə başladıq. Beynəlxalq KVN arenasında ilk komandayıq ki, ölkə başçısı tərəfindən dəstəklənmişik. Həm maddi, həm də mənəvi. Ona görə bizə paxıllıq edirdilər. O dövrdə bu cür cəsarətli zarafat etmək, səhnəciklər göstərmək, siyası dövlət xadimlərini parodiya etmək, Milli Məclis səhnəsini göstərmək hər bir kollektivin işi deyildi. Nə bizdən qabaq, nə də bizdən sonra bunu edən olmadı. 1996-cı ildə Heydər Əliyevin iştirak etdiyi Milli Məclis səhnəciyini göstərdik. Mən desəm ki, bu, böyük bir partlayış idi, az olar. Bu, Azərbaycanın yumor, satira tarixində bir inqilab idi. İndi mənə bunu desələr, bəlkə çəkinərdim. Heydər Əliyevdən çox böyük dəstək aldıq. Onun bizə bir ifadəsi oldu ki, mən sizinləyəm, heç kim sizə heç bir söz deyə bilməz. Bunu eşidən digər məmurlar bunu harasa qeyd etdilər. 18 il onlar bu anı gözlədilər və gördülər ki, KVN yiyəsiz qalıb. Bunlara o vaxta görə cəzasını verək. Biz də cəzamızı aldıq. Onlar elə bildilər ki, bu, cəzadı, amma bizə görə bir sınaq idi”.

Mənbə: www.musavat.com

Seçilən
17
12
www.musavat.com

10Mənbələr