AZ

Sekulyar yəhudilər narahatdır: “İsrail İrana çevriləcək”

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 7-də Həmas-ın hücumundan sonra başlayan Qəzza müharibəsinin birinci ildönümünə girərkən dünya mətbuatında İsrailin ictimai həyatında baş verən dəyişikliklərlə yanaşı mülki ölümlər də müzakirə olundu.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, ixtisaslı işçi qüvvəsi ölkəni tərk edərsə, yüksək texnologiyaya əsaslanan sektorlara böyük ziyan dəyəcək.

Bu yay İsraildə məhbusların azad edilməsi və atəşkəsin yaradılması üçün keçirilən nümayişlərə qatılan Nobel mükafatlı kimyaçı Prof. Aaron Cieçanoverin də iştirak etdiyi xatırladılıb. 77 yaşlı alim girovlar geri qayıtmasa, ölkəni birləşdirən ictimai müqavilənin aradan qalxacağını, gələcəyi görməyən elitaların ölkədən qaçacağını, onlarsız İsrailin gələcəyi qurmaqda çətinlik çəkəcəyini müdafiə edib.

Cieçanoverin uzun müddətdir İsrail baş nazirinə müxalifətdə olduğunu xatırladan qəzet, Benyamin Netanyahunun əvvəllər Milli İqtisadi Şuranın rəhbəri təyin etdiyi Eugene Kandel və Ron Tzurun yazdığı məqaləni bir daha gündəmə gətirib.

Nüfuzlu məqalədə İsrailin ekzistensial təhlükə yaşadığı bildirilərkən, “İsrailin önümüzdəki onilliklərdə suveren bir yəhudi dövləti kimi mövcud ola bilməyəcəyi diqqətəlayiq bir ehtimaldır” ifadəsi işlədilir.

İkili “İsrailin böyüməsinin lokomotivi yenilikdir və bunu reallaşdıran 10 milyonluq ölkədə on minlərlə kiçik bir qrupdur” deyərək beyin axınının təhlükələrinə də diqqət çəkir.

“The Guardian” yazır ki, Qəzza müharibəsindən əvvəl başlayan bu problem İsraildəki mühit militarizmə doğru getdikcə daha da şiddətlənib.

Üç uşaq atası olan Noam, riyaziyyat və ingilis dilini öyrənməkdən yayınan ultraortodoks yəhudilərin hökumətdəki təsirinə işarə edənlər arasındadır:

“Ölkəni tərk etməyimizin əsl səbəbi uşaqlarımız üçün daha yaxşı gələcək istəməyimizdir. Sabah sülh əldə olunsa belə, bir parçası ola biləcəyimiz gələcəyi görə bilmərik. Əgər "Hara gedirik?" deyə soruşsanız, İran modelini göstərə bilərəm. Orada din gündəlik həyatda böyük rol oynayır. Hətta bizi əhatə edən düşmənlər olmasa belə, övladını sevən valideynin onun zərər görməməsi üçün hərəkətə keçməsinin səbəbləri var” o deyib.

Ben Qurion Universitetində sosiologiyadan dərs deyən Uri Ram da ölkədə dünyəviliyi və Qərb tipli demokratiyanı müdafiə edənlərin sayının azaldığını bildirib.

2015-ci ildə İsrail vətəndaşlarının 45 faizi özlərini dünyəvi adlandırdığı halda, 2023-cü ildə ibtidai məktəblərdə aparılan araşdırma uşaqların yüzdə 40-nın dünyəviliyi qəbul etdiyini ortaya çıxarıb.

Daha çox uşaq sahibi olan dindar ailələr də bu vəziyyətə təsir edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Həmas-ın rəhbərlik etdiyi təşkilatların İsrailə qarşı həyata keçirdiyi hücumlarda əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfər həlak olub.

İsrailin daha sonra başlatdığı müharibədə təxminən 17 mini uşaq, 11378-i qadın olmaqla 41909 fələstinli ölüb, 97303 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Seçilən
16
hafta.az

1Mənbələr