AZ

Özili Azərbaycana gətirən səbəb nədi? – “Qarabağ” və AFFA rəsmilərindən cavab

Karyerasını başa vurmuş türk əsilli futbolçu Məsut Özilin Bakıya gələcəyini yazmışıq.

Xatırladaq ki, dünya şöhrətli oyunçu oktyabrın 11-də “Qarabağ”ın qonağı olacaq. Tədbir “Azərsun Arena”da, saat 16.30-da baş tutacaq.

Mövzuyla bağlı detallı məlumat almaq məqsədilə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Bəli, Məsut Özil “Qarabağ”ın qonağı olacaq. Ümumi planla bağlı məlumat vermişik. Sabiq futbolçu həm komandamızla, həm də azarkeşlərimizlə görüşəcək. Maraqlı görüş gözlənilir. Bilindiyi kimi, Özil ölkəmizdə çox sevilir. Onun özü də Azərbaycanı sevən futbolçu kimi tanınıb. Bakıya gəlmişkən futbolçularımız və tərəfdarlarımızla görüşməsi məsələsi də ortaya çıxdı. Özil də təklifimizi qəbul etdi. İnanırıq ki, azarkeşlərimiz bu görüşdən məmnun qalacaq”.


Göründüyü kimi, Məsut Özilin Azərbaycana səfəri sırf “Qarabağ”la bağlı deyil. Belədə əsas səbəb maraq doğurur. Bunu öyrənmək məqsədilə sabiq futbolçunun sosial şəbəkə hesablarına nəzər yetirsək də, mövzuyla bağlı paylaşım etmədiyini gördük. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli isə saytımıza açıqlamasında səfərin qurumla bağlı olmadığını dedi.
Qeyd edək ki, “Qarabağ”ın tədbirinə giriş sərbəstdi.

KƏNAN BAHADIR
Seçilən
35
football-plus.az

1Mənbələr