AZ

“Amazon”un texniki direktoru “INMerge” sammiti iştirakçılarını innovasiyalar üzrə eksperimentlər etməyə çağırıb

“Amazon”un

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakıda keçirilən “INMerge” innovasiya sammitinin ikinci günündə “Amazon”un vitse-prezidenti və texniki direktoru Verner Foqels tədbir iştirakçıları qarşısında çıxış edib.

AZƏRTAC xəbər verir ki, o, çıxışı zamanı şirkətin yaranması və inkişafı tarixindən danışıb. Foqels deyib: “Əvvəlcə şirkətimiz elektron kitabxana açdı. Sonra orada daha çox kitab toplandı. Bu, ilk dəfə idi və texnologiya sayəsində şirkət sürətlə inkişaf etməyə başladı. Həmin dövrü indiki vaxtla müqayisə etsək görərik ki, o illərdə hər hansı mal alıcıya bir neçə günə çatdırılırdı, indi isə müştəri sifarişini elə həmin gün ala bilir.

İnnovasiya və texnologiya sayəsində indi bu funksiyaların əksəriyyətini robotlar yerinə yetirir. “Amazon” mağazalarındakı süni intellekt sayəsində siz istənilən kitabı götürüb kassada ödəniş edə bilərsiniz. Bir çox sahələrdə robotlaşma və süni intellekt sayəsində bəzi bizneslər böyüyür, bəziləri isə əksinə, sıradan çıxır. Ancaq uzunmüddətli və davamlı bir iş istəyirsinizsə, biznesinizi prinsiplər üzərində qurmalısınız. “Amazon”un əsas prinsiplərindən biri müştərilərə və uzunmüddətli səhmdarlara etibar etməkdir. Başqa bir prinsip odur ki, biz hər zaman eksperiment aparacağıq. İnnovasiyaları sınaqdan keçirməkdən qorxmayın. Əlbəttə, uğursuz praktikalar da var, amma bunun özü də bir təcrübədir. Hətta pis təcrübə də, fikrimizcə, sizin inkişafınızda və gələcək böyümənizdə çox faydalı olacaq”.

Qeyd edək ki, “Amazon” şirkətinin tarixi Ceff Bezosun perspektivli və yüksək maaşlı vəzifəni tərk etməsi və qarajda biznes qurmaq istəyi ilə başlayıb. Ən böyük şirkətin gələcək qurucusu vitse-premyer vəzifəsində çalışdığı və yaxşı sabit gəlirə malik olduğu hedc fondunda (müəyyən risklə maksimum mənfəət əldə etməyə yönəlmiş investisiya fondu - red.) işləyirdi. Bezos yeni ideyasını öz rəhbəri ilə də müzakirə edib və günlərin birində qərara gəlib ki, bu ideyasını həyata keçirsin. Ceff artıq onlayn ticarət şəbəkəsi yaratmaq barədə düşünürdü, baxmayaraq ki, ötən əsrin 90-cı illərində, onun biznesə başladığı zaman çox az adamın internetə çıxışı vardı. Bezosun ideyası istənilən məhsulu alıcılara satan mağaza yaratmaqdan ibarət olub.

Seçilən
16
azertag.az

1Mənbələr