AZ

Gürcü politoloq: Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş dövlətlərin olmasını istəmir

Gürcü

Tbilisi, 12 oktyabr, AZƏRTAC

“ABŞ və Qərb ölkələri Cənubi Qafqazda inkişaf etmiş, güclü, demokratik dövlətlərin olmasını istəmirlər. Onlara müstəqil, suveren, güclü dövlətlər deyil, onlardan asılı, əmirlərini sözsüz yerinə yetirən ölkələr və bu ölkələrində başında duracaq siyasətçilər lazımdır. Bu gün Gürcüstana edilən təzyiqlər, tətbiq olunan sanksiyalar bunu bir daha sübut edir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Levan Mamaladze deyib.

Onun sözlərinə görə, ABŞ və Qərb ölkələri Gürcüstana təzyiqi oktyabrın 26-da keçiriləcək seçkilərlə bağlıdır. Onlar bu cür addımlarla Gürcüstanda keçiriləcək seçkilərə təsir etmək, hakimiyyətə öz adamlarını gətirmək niyyətindədirlər. Bu, Gürcüstanın daxili siyasətinə birbaşa müdaxilədir. Onlar düşünürlər ki, belə addımlar atmaqla Qərb və ABŞ tərəfdən dəstəklənən şəxslər seçkilərdə qalib gələcək. Başa düşürük ki, Gürcüstan ABŞ-nin yanında kiçik ölkədir, amma buna baxmayaraq indiki zamanda müstəqil siyasət aparır. Bu meqagüc isə Gürcüstanın daxili siyasətini məhv edib onların sözü ilə oturub-duranları hakimiyyətə gətirmək istəyir.

Politoloq deyir ki, ABŞ və Qərbin Cənubi Qafqazda söz sahibi olmaq niyyəti təkcə Gürcüstana təzyiq göstərməklə bitmir. Onlar Azərbaycana da eyni cür təzyiq edirlər. Azərbaycanın torpaqları işğal altında olanda yalnız quru bəyanatlar verməklə kifayətlənən bu güclər, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra yenidən əsl simalarını göstərməyə başladılar. Yəni bu gün Azərbaycan da sanksiyalara, təzyiqlərə məruz qalan ölkədir. Lakin, Azərbaycan heç kimə baş əymədən müstəqil siyasət yürüdür, inkişaf edir. Gürcüstan da bu yolu tutub, sübut etməyə çalışır ki, müstəqil dövlətdir və özü öz ayaqları üstündə durmağı bacarır.

L.Mamaladze hesab edir ki, burada maraqlar kəsişir və Gürcüstan da bu kəsişmənin tən ortasındadır. Amma gürcü xalqı hansı addımı atacağını bilir. Gürcü xalqı milli maraqlarını qoruyacaq.

O hesab edir ki, ABŞ-nin bunu etməkdə daha bir məqsədi Gürcüstanın böyük layihələrin tərkib hissəsi olmağının qarşısını almaqdır.

“Böyük dövlətlər Gürcüstanın Çinlə münasibətlərinin düzəlməsini və böyük layihələr həyata keçirməsini, qədim İpək yolunun işə düşməsini istəmirlər. Amma onlar əmin olsunlar ki, Gürcüstan öz suverenliyini qoruyur və bundan sonra da qoruyacaq” - deyə, L.Mamaladze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
32
2
azertag.az

8Mənbələr